4 oktyabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli filminin nümayişi keçirilmişdir.
IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkil etdiyi film nümayişinin məqsədi gənclər arasında Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini nümayiş və təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır. Filmi izləməyə gələn könüllü gənclər filmin nümayişindən əvvəl “Göygöl Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olmuşlar.
Qeyd edək ki, “Göygöl Milli Parkı” filminin təqdimatı 2015-ci ildə keçirilmişdir və film Milli Parkın yaranmasının 90 illiyinə həsr edilmişdir. Sənədli filmdə yalnız ölkəmizin bənzərsiz təbiəti haqqında deyil, Azərbaycanın çoxəsrlik mədəniyyəti haqqında da bəhs edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində ölkəmizin 9 milli parkı barədə sənədli filmin hazırlanması nəzərdə tutulur.
“Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində hazırlanan növbəti filmlərdə Şahdağ, Hirkan, Altıağac, Zəngəzur və Samur-Yalama milli parklarından söhbət açılacaq. “Göygöl Milli Parkı” filminin ardından sözügedən layihə çərçivəsində çəkilmiş Şirvan, Ağgöl və Abşeron Milli Parkına həsr edilən sənədli filmlərin də mütəmadi olaraq Bakı Konqres Mərkəzində nümayişinə davam etdiriləcəkdir. Filmlərin nümayişi ilə bağlı ətraflı məlumat IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.