13–15 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan və üzv olmayan gənclər təşkilatlarının iştiraki ilə “Gənclər təşkilatlarının 2019-cu il üçün fəaliyyət strategiyasının planlaşdırılması” konfransı keçirilmişdir. 13 dekabr tarixində konfransın açılış mərasimi baş tutmuşdur. Açılışda çıxış edən NAYORA-nın sədri Məryəm Məcidova tədbir iştirakçılarını salamlayaraq hər birinə uğurlar arzu etmiş və ilk dəfə olaraq belə bir forumun keçirildiyini və növbəti il üçün gənclər təşkilatlarının bir araya gələrək vahid platforma üzərindən strateji planlaşdırma aparmasının uğurlu olacağını vurğulamışdır.
Konfransın ilk hissəsində Avropa Şurasının təlimçi bazasının üzvü Cihan Kılıç iştirakçılara konfransın proqramı barədə məlumat vermişdir.
İkinci hissədə UNİCEF-in Azərbaycandakı rəsmi nümayəndəsinin müavini Xanım Min Yuan “Qeyri-formal təhsil vasitələrini inkişaf etdirməkdə və istifadə etməkdə gənclər təşkilatlarının rolu” başlıqlı mövzu ilə çıxış etmişdir. Xanım Yuan öz çıxışında gənclərin 2030-cu ilə qədər inkişafının qlobal istiqamətləri, gənclər təşkilatlarının qeyri-formal təlimlərin təşkilində rolu və NAYORA ilə birlikdə strateji planlaşdırma aparmasının önəmi, layihələrin düzgün monitorinqinin aparılması və hesabatının düzgün şəkildə hazırlanması kimi mövzulara toxunmuşdur.
Konfransın 2-ci günündə Avropa Şurasının təlimçi bazasının üzvü Pərvanə Məmmədova tərəfindən konfransın 2-ci gününun təlimləri keçirilmişdir. Pərvanə xanım “Gənclər təşkilatlarının “SWOT analizi” mövzusunda 3 hissədən ibarət təlimlər keçmiş və SWOT analizin mühitinin təhlili, xarici və daxili amillərin müəyyən edilməsi, təşkilat nümayəndələri öz təşkilatlarının SWOT analizlərini edərək strateji məqsədləri müəyyən etmiş və fəaliyyət planlarını hazırlamışlar.
Konfransın son günündə iştirakçılar komandalara bölünərək qruplarda iş formatında çalışmışlar. Müxtəlif konfrans zallarında keçirilən təlimlərdə Beynəlxalq məsləhətçi və gənclərlə iş üzrə ekspert Ufuk Bal “Layihənin planlaşdırılması”, GoldenPay.az və Hesab.az-ın təsisçisi Fərid İsmayılzadə “Biznesin əsasları”, Cinema Plus şirkətinin idarə heyətinin üzvü və Biznesin İnkişafı üzrə direktor Zaur Darabzadə “PR strategiyasının planlaşdırılması”, Xəzər gənclər evinin direktoru və Sosial və Biznes Modullar üzrə təlimçi Əligül Ağayev “Stress və təzyiq altında iş”, Buta Arts & Sweets şirkətinin təsisçisi Sara Rəcəbli tərəfində isə “Sosial sahibkarlıq” mövzularında təlimlər keçirilmişdir.
Qeyd edək ki, konfrans 3 gün davam etmiş və əsas məqsədi NAYORA-ya üzv olan və üzv olmayan təşkilatlarla birlikdə təkliflər irəli sürmək, növbəti il üçün həyata keçiriləcək layihələr, kampaniyalar və ya konfranslarda sıx əməkdaşlıq etmək, qruplarda işin təşkil olunması, üzv təşkilatların arasında əlaqələrin genişlənməsi, şəbəkələşmənin inkişafıdır.