15 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsi çərçivəsində Siyəzən şəhər Gənclər Mərkəzində “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “Cümhuriyyət kuboku” intellekt festivalı adlı “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnir keçirmişdir. Tədbirin açılış hissəsində çıxış edən təşkilatın sədri və layihə rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclərin vətənpərvərlik, vətəndaşlıq, dövlətçilik, Vətənə sədaqət ruhunda tərbiyə edilməsinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunmasına dair sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək vermək məqsədi daşıyır. Layihə çərçivəsində Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan gənclərin əhatə olunacağını qeyd edən layihə rəhbəri çıxışında bildirib ki, cənab Prezidentin müvafiq sərəncamı ilə 2011-ci ildə yaradılan fondun maliyyə dəstəyi ilə bütünlükdə ölkənin hər bir yerində gəncləri əhatə edən yüzlərlə layihə icra edilməkdə davam edir. Tədbirdə çıxış edən Siyəzən rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov layihənin icrasında Siyəzən gənclərini nəzərə aldıqlarına görə həm təşkilat komitəsinə, həm də maliyyə dəstəyinə görə Gənclər Fonduna minnətdarlığını bildirmişdir. Rəsmi hissədən sonra 8 komandanın iştirak etdiyi intellektual oyuna start verilmişdir.Yekun nəticəyə əsasən “İdeal” komandası birinci, “Müşfiq” komandası ikinci, “Aysberq” komandası isə üçüncü yerləri tutaraq mükafata sahib olmuşdur. Əsasnaməyə uyğun olaraq ilk iki yeri tutmuş komandalar Quba şəhərində keçiriləcək turnirin finalında iştirak etmək hüququ qazanmışlar. Qalib və mükafatçılara layihə çərçivəsində hazırlanmış, medallar, diplomlar, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən bəhs edən statistik məlumatların əks olunduğu “100 illik qürur” adlı kitabçalar, bütün iştirakçılara iştirakçı şəhadətnamələri təqdim edilmişdir. Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” layihəsi çərçivəsində intellektual yarışlar davam etdirilməkdədir.