16 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsi çərçivəsində “Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Uğur bələdçiləri” adlı layihəsinə start vermişdir. “Uğur bələdçiləri” layihəsi ölkə gəncləri arasında karyera planlaması, iş həyatını doğru anlama, gələcək karyeraya hazırlıq, əmək bazarı və məşğulluq kimi fəaliyyətlərin sistemli öyrənilməsi, mənsub olduqları gənc sosial sferada biliklərin aşılanması, onlara gənclər arasında bir növ mayak rolu oynaması üçün bu istiqamətdə işlərin görülməsini özündə ehtiva edəcəkdir. Layihənin icra planına əsasən birinci mərhələ – iştirakçı seçimi mərhələsi baş tutmuş və müxtəlif universitetlərdən 32 nəfər aktiv tələbə seçilmişdir. Hal-hazırda layihənin ikinci hissəsinə – təlimlərə start verilmişdir. Təlim iki hissədən ibarət oaraq keçirilmişdir. Birinci hissə daha çox tanışlıq xarakterli olaraq, gənclərin bir-biri ilə tanışlığı üçün “İce-breakers” oyunlar oynanılmışdır. Həmçinin gənclərin layihədən gözləntiləri, onların layihəyə verəcəkləri tövhə və aktivlikləri müzakirə olunmuşdur. İkinci hissədə isə “Karyera planlaması nədir?”, “Karyera planlamasının mərhələləri”, “Özünü tanıma alətləri” və s. mövzularda təlim keçirilmişdir. Təlim interaktiv formada keçmiş və gənclərə praktik tapşırıqlar verilmişdir. Qeyd edək ki, davam edən layihəni uğurla bitirən gənclərə sertifikat veriləcək və onların işlə təmin olunmasında köməklik göstəriləcək.