22 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənim Azərbaycan” intellektual Oyunu layihəsi çərçivəsində Lənkəran şəhər Gənclər Evində Lənkəran rayonu üzrə seçim turu yarışması təşkil edilmişdir. Yarışmada 17-23 yaş qruplarında gənclərdən ibarət 9 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunmuşdur.
Yarışmanın açılışını giriş sözü ilə başlayan “Vətənim Azərbaycan” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırmış və iştirakçıları yarışmada fəal olmağa çağırmışdır. Növbəti çıxışda Lənkəran şəhər Gənclər və İdman İdarəsinin məsləhətçisi Əli Nurullayev dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırmış və yarışmanın işinə uğurlar arzulamışdır.
“Maximum” Təhsil Mərkəzinin direktoru, Layihə eksperti Rəşad Abbaszadə oyunun qaydalarını iştirakçılara izah etmiş, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan etmişdir.
Yarışmada əsasən Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və coğrafiyasını əhatə edən suallar səsləndirmişdir. Yarışmada ilk 2 yeri tutan “Therion” və “Nobel” komandaları 29 yanvar 2019-cu il tarixdə Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək Final mərhələsinə vəsiqə qazanmışdır.
Məlumat üçün qeyd edək ki, növbəti seçim turları 07 yanvar 2019-cu il tarixdə Lerik və 11 yanvar 2019-cu il tarixində isə Astara rayonunda keçiriləcəkdir.
Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan tarixi və mədəniyyətini intellektual oyunlar vasitəsi ilə gənclər arasında təbliğ etmək, fəal və intelektli gəncləri üzrə çıxartmaq, region və respubilka turnirlərində onların iştirakına dəstək olmaqdır.