24 dekabr 2018-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Cümhuriyyətdən Cümhuriyyətə” devizi altında Türkiyə universitetlərinin azərbaycanlı məzunlarının birinci Bakı forumu keçirilmişdir.
Tədbirin məqsədi bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə arasında təhsil əlaqələrinin daha da möhkəmləndirilməsidir. Eyni zamanda, Türkiyənin ali təhsil ocaqlarından məzun olmuş azərbaycanlıları Bakıda bir yerə toplamaq, onların arasında əməkdaşlığı genişləndirmək, eləcə də Türkiyə məzunlarının ölkəmizin ictimai həyatında və iqtisadiyyatının inkişafında rolu ilə bağlı gələcək hədəfləri müzakirə etməkdir.
Forumda Milli Məclisin deputatları, müxtəlif illərdə qardaş ölkədə təhsil almış azərbaycanlı məzunlar, Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri, ölkəmizin qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzmüş “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanında qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoymuşlar.
Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov forumun ölkəmiz üçün əlamətdar tarixdə – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu ildə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, qeyd etmişdir ki, Cümhuriyyət fədailəri tərəfindən 100 tələbənin xarici ölkələrə təhsil almağa göndərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə verdiyi önəmin bariz nümunəsidir. Həmin tələbələrdən bir çoxu Türkiyəyə göndərilmişdir. Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrdə elm və təhsil sahəsində əməkdaşlıq özünəməxsus yer tutur. Son yüz ildə Azərbaycanın elmi, mədəni, ədəbi mühitində uğur qazanan ziyalılarının arasında Türkiyə universitetləri məzunlarının rolu var. Bu ənənə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra yenidən bərpa olunmuş. Ulu öndər Heydər Əliyev Azərbaycan gənclərinin Türkiyənin nüfuzlu universitetlərində təhsil almalarına diqqət yetirmişdir. Bu günədək Türkiyə universitetlərindən məzun olan azərbaycanlıların sayı on minlərlədir. Hazırda Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı isə 15 mindən çoxdur.
Layihə rəhbəri söyləmişdir ki, məzunlar arasında cəmiyyətimizin tərəqqisinə xidmət edən müxtəlif peşə sahibləri var. Türkiyə universitetlərinin azərbaycanlı məzunları cəmiyyətin həyatında fəal iştirak edərək müxtəlif sahələrdə çalışır, yüksək ixtisaslı kadr kimi Azərbaycanın inkişafına layiqli töhfələrini verirlər. Diqqətə çatdırılmışdır ki, Azərbaycan dövləti gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil almasına xüsusi diqqət yetirir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulu Azərbaycan dövlətinin gənclərimizin dünyanın qabaqcıl universitetlərində təhsil almasına böyük önəm verməsinin göstəricisidir.
Forumun səmərəli müzakirələrlə Türkiyə məzunlarının həyatında yaddaqalan tədbirə çevriləcəyinə əminliyini ifadə edən İctimai Birliyin sədri onun işinə uğurlar arzulamışdır.
Tədbir “Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatındakı rolu” və “Türkiyə universitetləri məzunlarının Azərbaycanın iqtisadi həyatındakı rolu və yeri” mövzularında panel iclasları ilə davam etmişdir.