Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrdə könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və gənclərin bu sahəyə marağını artırmaq məqsədi ilə Sumqayıt Dövət Universitetində “Bir könüllüdən min könüllüyə” adlı layihənin açılış mərasimi və ilk seminarı keçirilmişdir.
Görüşdə layihə rəhbəri Nərmin Cahangirova çıxış edərək layihə haqqında geniş məlumat vermiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramaları qrant şəklində məqsədli maliyyələşdirmək üçün hər il qrant müsabiqəsi elan edir.
Bu il həmin qrant müsabiqəsinin qalibləri sırasında Nərmin Cahangirovanın “Bir könüllüdən min könüllüyə” adlı layihəsi də yer almışdır. Layihənin əsas məqsədi ali təhsil müəssisələrində təhsil alan tələbələrdə könüllülük fəaliyyəti ilə başlamış gənclərin uğurlarını onlara əyani şəkildə göstərmək, bu fəaliyyətin təbliği və təşviqini həyata keçirmək, sosial xidmətlər sahəsində könüllü müraciətlərin sayını və gənclərin bu sahəyə marağını artırmaqdır. Nərmin Cahangirova onu da qeyd etmişdir ki, şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin tələbələri hər zaman könüllülük fəaliyyətinə maraq göstərmiş və göstərməkdədilər. Təsadüfi deyil ki, layihənin açılışı və ilk görüşü Sumqayıt Dövlət Universitetinin tələbələri üçün təşkil edilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliliyinin Könüllülərlə İş sektorunun müdiri Sahil Məmmədli, Sumqayıt regional “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsini icra edən Kəmalə Rəhimova, ASAN Könüllüləri Təşkilatının rəhbəri Səbinə Cabbarova, Sumqayıt şəhər Gənclər İdman Baş idarəsinin rəis müavini Mübariz Bəşirov, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin rəhbəri Mətanət Məhərrəmova çıxış edərək ölkəmizdə son illərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi istiqamətindəki dövlət qayğısından söhbət açmışlar. Ölkə başçısının ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbələrin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulamışlar. Könüllülük hərəkatının cəmiyyətdə vətəndaş fəallığının və təəssübkeşliyinin genişlənməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırmışlar. Cəmiyyətdə könüllü olaraq ilk addımlarını atan gənclərə uğurlar arzulamışlar.
Tədbirdə layihə üzrə speaker Nurlan Səmədlinin “Könüllülük uğur hekayəsi” dinlənilmişdir. Qeyd edək ki, tədbir 2 hissədən ibarət olmuş, çıxışlardan sonra 2-ci hissədə təlimçi Rəşad Məmmədovun tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” barədə təlim keçmişdir.