Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Gəncə, Biləsuvar və Lənkəran şəhərlərində “AXC-nin 100 illiyinin qeyri formal təbliği” layihəsi keçirilmişdir. Tədbirdə region üzrə ən aktiv təşkilatların onlayn müsahibə əsasında min nəfərə yaxın gəncin arasından seçilmiş 120 üzvü iştirak etmişdir.
Tədbirin birinci hissəsində iştirakçılar ilk öncə komanda qurmağa yönəlmiş müxtəlif oyunlar oynamış və yaxından tanış olmuşlar.
Daha sonra təlimçi Milana İbrahimova tərəfindən 5 müxtəlif qrupa bölünərək virtual application vasitəsi ilə AXC-nin tarixi, nailiyyətləri və əsas simalarına həsr olunmuş sual-cavab müsabiqəsində iştirak etmiş və Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş video çarxı izləmişlər.
Birinci hissə “AXC mənim üçün hansı əhəmiyyəti kəsb edir və AXC-nin ən böyük nailiyyətləri nədir?” sualı altında maraqlı müzakirələrlə yekunlaşmışdır.
Tədbirin ikinci hissəsində iştirakçılara təlimçi Əlibaba Əliyev tərəfindən qeyri-formal təhsilin əhəmiyyəti, cəmiyyətin inkişafında rolu haqqında ilkin məlumat verilmiş, onun digər təhsil formalarından (informal, formal) fərqi barədə müzakirələr aparılmışdır. Təlim zamanı qeyri-formal təhsilin hansı meyarlara cavab verməli olması, metodları və əsas prinsipləri barədə də məlumatlar verilmişdir.
Son hissədə iştirakçılara kiçik layihələr hazırlamaq barəsində məlumat və təlimatlar verilmiş, iştirakçılar qruplara bölünərək AXC-nin qeyri-formal təbliğini təmin edəcək kiçik layihələr hazırlayaraq qısa təqdimatlar etmişlər.
Azərbaycan Dövlət Aqrar Universitetini təmsil edən gənclər “AXC ADAU gənclərinin gözü ilə” layihəsi, Mingəçeviri təmsil edən gənclər AXC-nin 100 illiyinə həsr olunmuş “Xəmsə” İntellektual oyunu ideyasını irəli sürmüş, bundan əlavə “Demokratiyanın uşaqları”, “Əbədiyyətə oyanış”, Lənkəranı təmsil edən gənclər “AXC-nin 100 illiyinə həsr olunmuş məktəblərarası bilik yarışması”, “AXC 100 il – Keçmişdən gələcəyə” adlı layihə təklifləri də dinlənilmişdir. İdeya müəllifləri yaxın zamanda bu layihələri həyata keçirib NAYORA-ya hesabat yollayacaqlarını da qeyd etmişlər.
Qeyd edək ki, “AXC-nin 100 illiyinin qeyri formal təbliği layihəsi Gəncə, Biləsuvar və Lənkəran şəhərlərində ümumilikdə 120 gəncin iştirakı ilə keçirilmişdir.