11 yanvar 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanma mərasimi və Gənclər və Gənclər Təşkilatlarının vətənpərvərliyin təşviq və təbliğ edilməsi prosesidəki vəzifələri mövzusunda konfrans keçirilmişdir.
İmzalanma mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış etmişlər.
Memorandum vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətənə məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.
Mərasimdə bildirilib ki, imzalanan Anlaşma Memorandumu tədbirlərin daha kütləvi, fərqli forma və məzmunda keçirilməsi istiqamətində yeni bir platformadır. Əminlik ifadə olunub ki, bu Memorandum həm də iki qurum arasında qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı əməkdaşlığın qurulması üçün möhkəm təməl olacaqdır.
Memorandumu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov imzalamışlar.
Xatırladaq ki, Anlaşma Memorandumuna əsasən 2019-cu il ərzində “Vətənin müdafiəsinə hazıram!” devizi altında müxtəlif formatlarda keçiriləcək maarifləndirmə xarakterli silsilə tədbirlərin planı hazırlanıb.Gənclər təşkilatları və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə reallaşdırılması planlaşdırılan tədbirlərdə gənc nəslin müddətli həqiqi hərbi xidmətə fiziki, mənəvi və psixoloji cəhətdən hazırlığının artırılmasına, onların Vətənə sadiqlik ruhunda tərbiyə edilməsinə xüsusi önəm veriləcək.
Konfransda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli qəhrəmanlar, Qazilər və Gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər. Görüşdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisi polkovnik Niyaz Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ehtiyatda olan general-mayoru Məhəmmədhüseyin Sarıyev və Milli qəhrəman Vahid Quliyev gənclərə öz ürək sözlərini çatdırmış və tövsiyyələrini vermişlər. Gənclərimizi daim vətənə xidmətdə əzimli və şücaətli olmağa çağırmışlar.
Daha sonra Gənclər Təşkilatlarının sədrləri çıxış etmişlər.