Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə 14 yanvar 2019-cu il tarixində “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilmişdir. Tədbirin açılışında çıxış edən layihə rəhbəri T.Əlibəyli qeyd etmişdir ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclərin zamanlarını faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Layihənin əsas məqsədinin gənclərdə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanması olduğunu diqqətə çatdırmışdır. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak etmişlər. Təlimçi Rəşad Qurbanov gənclərə təlimin ilk günündə sosial şəbəkələrlə bağlı məlumat vermiş və onlar üçün maraqlı olan sualları cavablandırmışdır. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən facebook-un istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar vermişdir.
Layihə çərçivəsində 3 təlim nəzərdə tutulmuşdur. Təlimlərdə aktivliyi ilə seçilən gənclər sertifikatlarla təltif olunacaqlar.