Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “Region könüllülərinin karyera məktəbi” layihəsinin təqdimatı və təlimləri keçirilmişdir.
Layihənin əsas məqsədi könüllülərin fəaliyyətinin stimullaşdırılması, onlar arasında əlaqələrin möhkəmləndirilməsidir. Könüllü fəaliyyətin təşkili olan layihədə Mingəçevirdə yaşayan və təhsil alan gənclər iştirak etmişlər Tədbirdə layihə rəhbəri Firəngiz Telmanlı iştirakçılara könüllülük haqqında məlumat vermiş, könüllü olmağın perspektivlərini onların diqqətinə çatdırmışdır. Regionlarda yaşayan gənclərin könüllü fəaliyyəti haqqında məlumatlarının azlığının günümüzün əsas problemlərindən biri olduğunu, layihə nəticəsində bu problemin aradan qaldırılmasına çalışacaqlarını qeyd etmişdir. Müzakirə şəklində keçirilən təlimlərdə gənclər könüllü fəaliyyətlə bağlı öz fikirlərini bildirmişlər.
Çıxış edən layihə rəhbəri qeyd etmişdir ki, gələcəkdə gənclərin komanda şəklində işləmə bacarıqlarının inkişafı, ilkin peşə təcrübəsinin qazanılması, gənclər və sosial xidmət müəssisələri arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində layihənin böyük rolu olacaqdır. Layihə müddətində könüllülərin xidmətindən yararlanan sosial xidmət müəssisələrinin nümayəndələri ilə könüllülərin diskussiyasının keçirilməsi isə könüllülərə üzləşdikləri problemlər haqqında birbaşa səlahiyyətli şəxslərə məlumat vermək imkanı yaratmışdır. Təlimlər gənclərin könüllülük fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etməsi, təcrübə qazanması və asudə vaxtlarının səmərəli təşkilində müsbət rol oynamışdır.
Yekun təlimdə gənclərə könüllü fəaliyyətin şəxsi inkişafa əsas təsirləri haqqında məlumat verilmişdir. Könüllü fəaliyyətin cəmiyyətə faydalarından danışarkən könüllü fəaliyyətin digər şəxslərə yardım etməkdən ibarət olduğunu, eyni zamanda fəaliyyətin bu növünün ictimai yardımlaşmada, ictimaiyyətin sağlam birliyinin formalaşmasında mühüm rol oynadığı qeyd olunmuşdur. Cəmiyyətdə insanlararası münasibətlərin möhkəmlənməsində, mənəvi dəyərlərin qorunmasında, ictimai məlumatlılığın artmasında, yaranan sosial problemlərə fərqli yanaşmaların artmasında könüllüyün əhəmiyyəti gənclərin diqqətinə çatdırılmışdır.
Üç gün davam edən təlimlərdə 30-dan çox gənc iştirak etmişdir. İlkin peşə təcrübəsinin qazanılması sahəsində məlumatlar əldə edən gənclər, bununla yanaşı, komanda şəklində işləmə bacarıqlarına yiyələnmişlər.
Sonda təlimlərdə aktiv iştirak edən gənclərə sertifikatlar təqdim olunmuşdur.