Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI qrant müsabiqəsi çərçivəsində qalib olan “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi “İnternat məzunu olan gənclər arasında aktiv həyat tərzinin təbliği” layihəsinə start vermişdir. Təqdimat mərasimində təşkilatın sədri Araz Əhmədov internat və uşaq evi məzunu olan gənclərin bu tipli layihələrdə iştirakının, onların dünyagörüşünün artırılmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, fiziki, psixoloji və mənəvi sağlamlığının artırılmasında və gənclər arasında sağlam həyat tərzinin təbliğatındakı əhəmiyyətini vurğulamışdır.
Həmçinin Nizami rayonu icra hakimiyyətinin müavini Gülnaz xanım da öz cıxışında bu tip layihələrin əhmiyyətindən söhbət açmış və gələcəkdə layihənin mütəmadi şəkildə təşkil olunmasını təklif etmişdir.
Tədbir zamanı layihədə iştirak edəcək olan 6 futbol komandasının oyun formaları oyunçulara təqdim edilmişdir. Xatırladaq ki, layihənin əsas məqsədi İnternat məzunu olan gənclərin cəmiyyətə inteqrasiyası üçün mövcud psixoloji problemlərin həllinə çalışaraq gənclərin cəmiyyətə inteqrasiyasını, adaptasiyasını sürətləndirmək üçün onlar arasında təlim təşkil etmək, sağlam və aktiv həyat tərzi yaşamaları, asudə vaxtlarının səmərəli təşkili və müxtəlif internat məktəblərindən olan gənclərin öz aralarında şəbəkələşmələri üçün 6 müəssisənin məzunlarından ibarət komandalar arasında futbol yarışları təşkil etməkdir. Bu yarışmada fərqlənən gənclərdən ibarət yığma komanda hazırlanaraq, digər təşkilatların həvəskar komandaları ilə oyunlar təşkil olunacaqdır. Növbəti mərhələdə isə layihə iştirakçılarının dünyagörüşünü artırmaq və Azərbaycanın dilbər güşələrini görmək üçün 2 günlük düşərgə təşkil olunacaqdır. Düşərgə əsasən maarifləndirici xarakter daşıyacaq təlimlər, təşkil etmək, həmçinin gənclər üçün müxtəlif intellektual oyunlar və əyləncəli proqramlar təşkil etməkdən ibarət olunacaqdır. Gənclərə “Aktiv Həyat tərzi” mövzusunda təlimlər keçiriləcəkdir.