Biləsuvar Gənclər evində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsi çərçivəsində “Biləsuvar Yeniyetmə və Gəncləri” İctimai Birliyinin qalib olduğu “Sosial Müdafiə Akademiyası” layihəsinin təqdimatı keçirilmişdir. Layihənin təqdimat mərasimində Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar rayon Təhsil şöbəsinin nümayəndəsi Elsevər Məmmədov, DSMF Biləsuvar rayon şöbəsinin nümayəndəsi Vüsal Cəbrayılov, Biləsuvar Peşə liseyinin şagirdləri və sosial müdafiəyə ehtiyacı olan gənclər iştirak etmişlər. Tədbirdə çıxış edən qonaqlar bildirmişlər ki, “Sosial Müdafiə Akademiyası” layihəsi Azərbaycan Respublikasının «Əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sоsial müdafiəsi haqqında» qanunun icrası məqsədilə Biləsuvar və Salyan rayonlarında fiziki məhdudiyyətli uşaq, yeniyetmə və gənclər, eyni zamanda əmək qabiliyyəti yaşına çatmış əhali qrupu arasında peşə hazırlığı, təhsillə bağlı müxtəlif təşəbbüslərin stimullaşdırılması, onların reablitasiyası, işə düzəlmə, sosial müavinətlərdən asılılığı azaldan və müstəqilliyi təşviq edən tədbirlərin həyata keçirilməsinə xidmət edəcəkdir. Layihə çərçivəsində Salyan və Biləsuvar rayonlarında xüsusi qayğıya ehtiyacı olan şəxlərin təhsili, peşə hazırlığının artırılması, onların potensiallarının üzə çıxarılması və sosial müdafiəsi üçün geniş tədbirlər planı həyata keçiriləcəkdir.
Daha sonra layihə təlimçisi Bəhruz Nəbili tərəfindən gənclərə təqdimat nümayiş etdirilmiş və layihə ilə bağlı daha ətraflı məlumat verilmişdir.