25 yanvar 2019-cu il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Şəhidliyin Adil zirvəsi” layihəsi çərçivəsində çəkilmiş eyniadlı filmin təqdimat mərasimi keçirilmişdir.
İlk öncə, tədbirin aparıcısı Yusif Qoca tədbiri açıq elan edərək, şəhid Adil Tatarovun, eləcə də, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhdilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova çıxış edərək, layihənin aktuallığından və bu kimi layihələrin gənclərimiz arasında vətənpərvərlik ruhunun möhkəmləndirilməsi istiqamətində görülən işlərə öz töhfəsini verəcəyindən söhbət açmışdır. Tədbirdə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi və filmin prodüsseri İsmayıl Süleymanov layihə və film barədə ətraflı məlumat vermişdir.
Sonra isə film nümayiş etdirilmişdir. Filmin nümayişindən sonra şəhid Adil Tatarovun atası Əli Tatarov çıxış edərək, layihə, eləcə də, film barədə öz təəssüratlarını bölüşmüşdür. Ağstafa rayon müharibə veteranları adından “Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin” Ağstafa rayon filialının sədri Mirzahid Hacıyev isə çıxış edərək, bu kimi filmlərin daha çox çəkilməsinin vacibliyini vurğulamışdır. “Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin” Qazax rayon şöbəsinin əməkdaşı, Qarabağ qazisi Namiq Alıyev də çıxışında gənclər arasında vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinin bu günün ən prioritet məsələsi olduğunu qeyd etmişdir.
Ağstafa Regional Mədəniyyət şöbəsinin müdiri Vüqar Qədirov və Qıraq Kəsəmən kənd sakini, media nümayəndəsi Ələddin Qarayev də çıxışları zamanı film barədə öz müsbət fikilərini bildirmişlər. Sonda bir neçə gənc film barədə öz təəssüratlarını bölüşmüşlər.
Qeyd edək ki, Adil Tatarov 2018-ci ilin may ayında Naxçıvan MR-nın Günnüt kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.