Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin iclas zalında “Gənc Aqronomlar Məktəbi” adlı layihənin ilk təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirakçıları salamlayaraq universitet rəhbərliyi adından layihə iştirakçılarına uğurlar arzu etmişdir.
Çıxış edən Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov layihənin gənclər üçün çox faydalı olacağını, bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin vacib olduğunu bildirmişdir.
Daha sonra layihə rəhbəri, Azərbaycan Dövlət Aqrar Universiteti Tələbə Gənclər Təşkilatının sədri Valeh Əsədov çıxış edərək layihənin keçirilməsində məqsədin region gənclərinin ictimai fəallığının artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin aqrar sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin edilməsi, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olunması və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarət olduğunu vurğulamışdır. Layihə rəhbəri cari layihə çərçivəsində “Aqrar sahəyə göstərilən dövlət qayğısı”,”Kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi”,”Kəndlimiz yerli aqronoma inanırmı?” və “Aqrar təhsilin təbliği modeli” adlı maarifləndirici təlimlər keçiriləcəyini, layihə iştirakçılarının Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiyasının təşkil olunacağını, həmçinin layihə iştirakçılarından ibarət gənc aqronomlar klubunun yaradılacağını bildirmişdir.
Yekunda iştirakçılara layihəyə qeydiyyat qaydaları izah olunmuş, layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihə çərçivəsində keçiriləcək seçim prosesində və təlimlərdə aktiv iştirak etmələrini tövsiyə etmişdir.
Məlumat üçün qeyd edək ki, növbəti silsilə tədbirlər 12-13-14-15 mart tarixlərində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində 4 günlük təlim və Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya formatında həyata keçiriləcəkdir.