2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr edilmiş müxtəlif regionları və klubları təmsil edən komandalardan ibarət “İntellektual Klubların Gənclər Kuboku” adlı 2 gün davam edən intellektual yarış keçirilmişdir. İlk olaraq tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali təhsil ocaqlarının rektorları, gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlamış və bilik yarışında iştirak edən komandalara uğurlar arzulamışdır. Fondun rəhbəri qeyd etmişdir ki, bu turnir Gənclər Günü münasibəti ilə təşkil edilən silsilə tədbirlərdən biridir və Gənclər Fondu bu tipli yarışların təşkilində bundan sonra da gənclərə dəstək göstərəcəkdir. Daha sonra Milli Məclisin gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış etmişlər. Rəsmi hissə bitdikdən sonra 70 komandanın iştirak etdiyi turnir açıq elan olunmuşdur. Turnirdə 70 komandanın tərkibində 500-dək gənc iştirak etmişdir. Bu komandaların 20-si müxtəlif regionları təmsil etmişdir. “İntellektual Klubların Gənclər Kuboku” nun gərgin keçən yekun mərhələsində “JM” komandası 1-ci, “Vendomat” komandası 2-ci, “Prestij” komandası 3-cü yeri tutmuşdur. Regionlar üzrə komandalardan isə 1-ci yeri Sabirabad komandası, 2-ci yeri Gəncə komandası və 3-cü yeri isə İsmayıllı komandası əldə etmişdir. Qaliblər qiymətli hədiyyələr, sertifikat və kubokla təltif edilmişlər.