Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ADPU-un Ağcabədi filialının Tarix və Coğrafiya fakültəsinin IV kurs tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan “Sağlam gələcək, İdmanla gələcək” adlı gənclərin regional voleybol yarışı layihəsinin açılışı və ilk mərhələsi baş tutmuşdur. Qeyd edək ki, layihənin açılışı Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr edilmişdir.
Açılış mərasimində ilk olaraq ADPU-un Şəki filialının IV kurs tələbəsi və yarışların Şəki üzrə regional koordinatoru Araz Hüseynov çıxış edərək iştirakçıları və qonaqlarları salamlamış.
Sonra söz layihə rəhbəri Xaliq Abbasova verilmişdir. O, layihə haqda ümumi məlumat verərək əsas məqsədin regionlarımızdakı gənclərimizin asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək və onları təşviq etmək olduğunu qeyd etmişdir.
Çıxış edən ADPU-un tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov son illər Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılan məqsədli və ardıcıl islahatlardan, tələbələrin tədris keyfiyyəti və ictimai fəallıqlarının artırılması üçün atılan addımlardan, xüsusən bu konteksdə ADPU-un 5 regionda yerləşən filiallarına ayrılan diqqət və qayğıdan söz açmışdır. Bu və cari tədris ilində icra olunan onlarla digər layihələrin də filial tələbələrinin aktiv şəkildə ADPU ilə bağlılığını, onların ölkədə və beynəlxalq layihələrdə iştirakını stimullaşdırmaq məqsədi daşıdığını vurğulamışdır.
İlk yarışlar Şəki Olimpiya-idman kompleksində keçirilmişdir. Gərgin mübarizənin sonunda “Avangers” komandası qalib gələrək finala vəsiqə qazanmışdır.
Yarışdan sonra iştirakçıların təltif etmə mərasimi keçirilmişdir. Mərasimdə ADPU-un tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov, eyni zamanda Şəki Olimpiya-idman Kompleksinin rəhbəri Babək Həmidov çıxış etmişlər, bu cür layihələrin rayonlarda keçirilməsinin əhəmiyyətindən söz açmışlar və qaliblərə final mərhələsində uğurlar arzulamışlar. Layihə rəhbəri Xaliq Abbasov təşkilati dəstəyə görə ADPU rəhbərliyi və ADPU Şəki filialı, Gənclər Fondu, Şəki şəhər Gİİ və Şəki Olimpiya-idman Kompleksinin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Sonda komandalar təltif edilmiş və xatirə şəkli çəkdirilmişdir.