Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin təşkilatçılığı ilə “Vətənini, özünü, ailəni düşün, Sağlam Yaşa!” adlı layihə çərçivəsində Tərtər rayonunun 2 və 6 saylı tam orta məktəblərində, Qaradağlı və Kəngərli kənd tam orta məktəblərində, Bərdə rayonunun 3, 4, 5 və 7 saylı tam orta məktəblərində “Narkomaniyaya “Yox” deyək” devizi altında maarifləndirici tədbirlər keçirilmişdir.
Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin, Tərtər və Bərdə rayon İcra hakimiyyətlərinin, rayonların təhsil şöbələrinin, gənclər və idman idarələrinin nümayəndələri, məktəb direktorları, çoxsaylı müəllimər və şagirdlər iştirak etmişlər.
Çıxış edənlər “ağ ölüm” adlandırılan narkomaniya və onun fəsadları, narkomaniyadan və QİÇS-dən qorunmağın yolları və s. barədə ətraflı məlumat verməklə, dövlətimizin hər bir vətəndaşa göstərdiyi qayğıdan, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən danışmışlar.
Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra problemlər kimi, narkotizm probleminin üzərindən də pərdələr götürülmüş və bu neqativ hala qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə problemə münasibətdə yeni mərhələ başlanılmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Tədbirlər çərçivəsində “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin nümayəndələri tərəfindən yuxarı sinif şagirdlərinə İctimai Birlik tərəfindən hazırlanmış maarifləndirici buklet, dəftərxana ləvazimatları (qələm, dəftər, karandaş, xətkeş, pozan, karandaş yonan) paylanmışdır.