Martın 12-də Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Şəhər Təhsil Şöbəsinin, Mingəçevir Gənclər Evinin,”Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, Milli Debat Proqramının, Mingəçevir Regional Debat Mərkəzinin və “Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun tərəfdaşlığı ilə həyata keçirilən “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsinin “Final Mükafatlandırma və Bağlanış Mərasimi” keçirilib. Tədbirin ilk hissəsi “Mingəçevir Gənclərinin Natiqlik Forumu” layihəsi çərçivəsində reallaşan Debat Forumunun final oyununun keçirilməsi ilə başlayıb və layihə rəhbəri Etiram Sadıqzadənin rəhbərlik etdiyi 5 nəfərlik hakim heyətinin qərarına əsasən Mingəçevir şəhər Texniki Humanitar Liseyini təmsil edən “Demosfen” komandası formun qalibi olub. Layihə çərçivəsində 9 mart tarixində keçirilən forumun ilk günündə 22 komanda tərkibində 66 gənc mübarizə aparmış və Mingəçevir şəhər 3 nömrəli orta məktəbi təmsil edən “Qarabağ” komandası ilə Mingəçevir Texniki Humanitar Liseyini təmsil edən “Demosfen” komandası finala vəsiqə qazanmışdılar. Daha sonra çıxış edən layihə rəhbəri Etiram Sadıqzadə layihə haqqında ətraflı məlumat verərək qeyd etdi ki, 1 təqdimat, 2 ümümi təlim, 1 mövzu təlimi, 1 şou debat, 4 hakimlərlə görüş, 18 şadirdlərlə görüş, 40 təlim-məşq, 1 debat forumu, 1 mükafatlandırma və bağlanış mərasimi olmaqla, ümümilikdə 69 tədbir keçirilib və bu tədbirlərdə 457 gənc, Debat Forumunda isə 66 iştirakçı 18 təşkilat komandası olmaqla 84 gənc iştirak edib. Sonda layihə çərçivəsində reallaşan Debat Forumunun qalibləri kubok, medal, sertifikat, qiymətli hədiyyələr, finalçıları, ən yaxşı natiqləri və xüsusi fəallığı ilə seçilən gəncləri medal, sertifikat, qiymətli hədiyyələrlə təltif olunub.