13 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilən, ADPU-un tələbəsi Ləman Vəliyevanın fərdi qrant layihəsi – “Xəyallar əngəl tanımaz” adlı sağlamlıq imkanları məhdud gənclərin rəsm sərgisinin bağlanışı və iştirakçıların mükafatlandırılma mərasimi keçirilib.
ADPU-nun 1 nömrəli tədris binasının foyesində 2 gün davam edən sərginin bağlanış mərasimində ADPU-un Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, layihə rəhbəri Ləman Vəliyeva, münsiflər heyətinin üzvləri və rəsm əsərlərinin müəllifləri olan sağlamlıq imkanları məhdud gənclər iştirak ediblər.
Əsərlərin müəllifləri sertifikatlarla, sərgi boyu əsərləri xüsusilə fərqlənən 15 gənc isə münsiflər heyətinin qərarı ilə diplomlarla təltif ediliblər. Professor Fikrət Rzayev çıxış edərək üç gün ərzində əsərləri sərgilənən sağlamlıq imkanları məhdud olan bu gənclərin, əslində, nə qədər böyük bir daxili dünyalarının olduğunu əsərlərinin diliylə cəmiyyətə çatdırdıqlarını, onlara qarşı düzgün və bərabər münasibətin sərgilənməsinin zəruri olduğunu vurğulayıb. O, həmçinin Azərbaycan dövlətinin bu sahədə xeyli işlər gördüyünü, sağlamlıq imkanları məhdud olanlar üçün təhsildə inkluziv yanaşmaların tətbiq edildiyini qeyd edərək bu istiqamətdə atılan addımlarda vətəndaş cəmiyyətinin nümayəndələri kimi bu tip layihələrlə gəncliyin də aktiv iştirakının zəruriliyini bildirib.