Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Bərdədə şəhər musiqi məktəblərinin saz siniflərində təhsil alan gənclərin iştirakı ilə Qarabağ Aşıq Festivalı keçirilib. “Ulu Sənətin Sehrində” Qarabağ Aşıq Festivalı layihəsi çərçivəsində keçirilən festivalın əsas məqsədi Bərdə şəhər musiqi məktəblərinin saz siniflərində təhsil alan istedadlı gənclərin tanıdılmasıdır. Layihə çərçivəsində gənclər məşqlər keçərək festivala hazırlaşıb və Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbində Festivalda iştirak ediblər. Festivalda gənclərlə yanaşı Bərdə rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi, Bərdə şəhər 1 saylı Uşaq İncəsənət Məktəbinin, 2 saylı Musiqi Məktəbinin, 4 saylı Uşaq İncəsənət Məktəbinin rəhbərliyi, müəllim kollektivi və valideyinlər iştirak ediblər. Festivalda gənc aşıqların ifasında aşıq havaları, gözəlləmələr, və eləcə də xalq mahnıları ifa olunub və ölkəmizin gözəllikləri vəsf edilibdir. Layihə rəhbəri Hicran Əliyevanın qeyd etdiyi kimi gənclər 3 məşq dərsi keçən gənclər Qarabağın tək muğam musiqisi deyil həmçinin saz sənətinin beşiyi olduğunu sübut etməyə çalışmışdılar. İki hissədən ibarət olan festivalın bədii hissəsi başa çatdıqdan sonra qonaqlardan Bərdə rayon Mədəniyyət Mərkəzinin direktoru, 1 saylı Uşaq İncəsənət Məktəbinin, 2 saylı musiqi məktəbinin və 4 sayl Uşaq İNcəsənət Məktəbinin saz ixtisas müəllimləri, çıxış edib və aşıq havasının tarixindən, ulu sənətin qüdrətindən danışıblar və gənclərə uğurlar arzu ediblər. Sonda iştirakçılara festivalda iştiraklarına görə diplomlar təqdim edilib və xatirə şəkilləri çəkilib.