15 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun XI Qrant müsabiqəsi çərçivəsində qalib olan Salyan rayonunda yerləşən “Murad” Əlillər İctimai Birliyinin inzibati binasında Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin “Sosial Müdafiə Akademiyası” layihəsinin növbəti mərhələsi keçirilib.
Tədbirdə iştirak edən Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyinin sədri Sahil Hüseynzadə, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Hüseynli və “Murad” Əlillər İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova çıxışlarında dövlət tərəfindən əhalinin sosial müdafiəsi sahəsində görülən işləri vurğulayaraq, fiziki məhdudiyyətli gənclərin peşə reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası sahəsində layihənin böyük önəm kəsb etdiyini diqqətə çatdırıblar. Çıxışlardan sonra fiziki məhdudiyyətli gənclərin hazırladıqları əl işlərinə baxış keçirilib, rəqs nömrələrinə tamaşa edilib. Tədbir çərçivəsində daha uğurlu əl işləri ilə seçilən və fəal iştirak edən gənclər sertifikatlarla təltif olunublar. Keçirilən tədbir sağlamlıq durumundan asılı olmayaraq hər bir insanın cəmiyyətin bir üzvü olduğunu, birlikdə bir vəhdət təşkil etdiyini göstərdi.