29 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı ilə keçirilən “Gənc Aqronomlar Məktəbi” layihəsi yekunlaşıb. Layihə iştirakçıları Göygöl rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə ekskursiya ediblər. Tanışlıq zamanı bildirilib ki, Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə 68 növ xidmət göstərilir. Burada diaqnostik və bakterioloji laboratoriyalar və mərkəz fəaliyyət göstərir. Layihə iştirakçılarına bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Ekskursiya zamanı layihə iştirakçıları göstərilən xidmətlər, laboratoriyalar haqqında ətraflı məlumat əldə ediblər.