Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə plan üzrə keçirilməsi nəzərdə tutulan növbəti görüş baş tutub. Bu dəfə görüşdə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi fövqəladə və səlahiyyətli səfir, cənab Qulam İshaqzai tələbələr ilə görüşdə iştirak edib. İlk növbədə ATGTİ-nin Baş katibi Ramin Həbibzadə cənab Qulam İshaqzai ilə görüşərək layihə haqqında ümumi məlumat verib, müzakirələr aparıb. Daha sonra Ramin Həbibzadə iştirakçıları salamlayıb, layihənin budəfəki qonağını iştirakçılara təqdim edərək, sözü cənab İshaqzaiyə verib. Cənab İshaqzai ilk öncə öz həyatından yola çıxaraq iştirakçılara təhsil aldığı illərdəki ictimai fəaliyyətindən, “İsveçin Əfqanıstan üzrə komitəsi” , “Uşaqların Xilası” təşkilatlatlarında qazandığı iş təcrübələrindən söhbət açıb. O, bir neçə ölkə üzrə BMT nümayəndəliklərində olan fəaliyyəti haqqında geniş məlumat verib. Daha sonra inkişafda olan Azərbaycan və BMT əlaqələri barədə ətraflı məlumat verib. Sözlərinə əlavə edərək Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında çox fəal, dostcasına, qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin mövcudluğunu vurğulayıb. Cənab İshaqzai onu da qeyd edib ki, Azərbaycan 1992-ci il mart ayında Birləşmiş Millətlər Təşkilatına üzv olub və artıq 25 ildir ki, Azərbaycanda BMT-nin nümayəndəliyi kimi fəaliyyət göstərir. Bununla yanaşı o, Qlobal səviyyədə BMT sisteminin işində Azərbaycanın çox fəal rolunun olduğunu xüsusi vurlayıb. Almaniyanın Bonn şəhərində Birləşmiş Millətlər Təşkilatının Könüllüləri nəzdində İnkişaf bölməsinin direktoru olduğu vaxtlardan danışan cənab İshaqzai könüllü fəalliyyətinin gənclərə qazandırdığı perspektivlərdən söz açıb. Görüşün gedişində Qulam İshaqzai iştirakçıların suallarına cavab verib . Yekunda xatirə şəkili çəkilib və tədbir kofe fasiləsi ilə yekunlaşıb.