Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 26 aprel 2019-cu il tarixində “Ağıllı Büdcə” layihəsi çərçivəsində Bakı Konqres Mərkəzində poster yarışı təşkil edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mərkəzi Bank bu layihədə strateji tərəfdaş kimi çıxış ediblər. Tədbirin əsas məqsədi maliyyə savadlılığı üzrə mövzuların gənclər tərəfindən poster üzərinə köçürərək təqdim etmə, yaradıcı düşünmə kimi bacarıqlarını inkişaf etdirmək və gənclər arasında maliyyə savadlılığını təşviq etməkdir. İki mərhələdə həyata keçirilən layihənin ilkin mərhələsində 300 nəfər gənc interaktiv büdcə oyunu ilə büdcə planlaşdırılması, büdcəyə nəzarət, gəlir, xərc və qənaət etmək kimi anlayışlar ilə tanış olub və bu istiqamətdə praktiki bacarıqlarını artırıblar. “Ağıllı Büdcə” layihəsinin növbəti mərhələsi olan poster yarışında 23 komandadan ibarət 168 nəfər gənc iştirak edib. Komandalar maliyyənin əsas anlayışları olan büdcə, bank, bank kartları, vergi, sığorta və s. mövzular əsasında posterlər hazırlayıb. İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə Nümayəndəliyinin əməkdaşları Simon Hayberli, Sənan Şabanov, Azərbaycan Respublikası Təhsil Nazirliyi əməkdaşı Orxan Abbasov, Mərkəzi Bankın nümayəndələri Lamiyə Qaralova və Rövşən Qəniyev, SİLab-ın təsisçisi Cəsur Həsənovdan ibarət münsiflər heyəti təqdim olunan posterləri kreativ düşüncə, mesajın aydınlığı və təqdim etmə qabiliyyətinə görə qiymətləndirərək 3 ən yaxşı poster hazırlayan komandaları 1-ci, 2-ci və 3-cü yerə layiq görüb. Qalib komandalara sertifikatlar və hədiyyələr təqdim olunub. “Ağıllı Büdcə” layihəsi poster yarışı ilə yekunlaşıb.