24 may 2019-cu il tarixində Bakı Gənclər Mərkəzində “Gənclər Təşkilatlarının II Respublika Forumu”nun açılış mərasimi keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Təşkilatları Milli Şurasının nümayəndələri açılış nitqi ilə çıxış etmiş, daha sonra Forum müzakirələr və paralel sessiyalar ilə davam edib.
Forumun keçirilməsində əsas məqsəd respublikada fəaliyyət göstərən gənclər təşkilatları ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləmək, dövlət qurumları ilə gənclər təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsinə şərait yaratmaqdır.
İki gün davam edəcək Forum çərçivəsində gənclər təşkilatlarının ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, gənclərlə iş sahəsində ən yaxşı təcrübələr, könüllülərin cəlb olunma işinin təşkili mövzusunda seminarların, gənclər təşkilatlarına dəstək mexanizmləri və ölkəmizdə gənclər siyasətinin təbliği və dəstəyində onların rolu mövzusunda qrup işlərinin, eyni zamanda gənclər təşkilatlarının fəaliyyətinin “SWOT” modeli əsasında təhlilinin keçirilməsi nəzərdə tutulub.