27 May 2019-cu il tarixində Azərbaycan Milli Konservatoriyasında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Expressbankın tərəfdaşlığı ilə 2018-ci ilin dekabrında start verilmiş layihə çərçivəsində hazırlanmış Musiqi Albomunun təqdimat mərasimi keçirilib.bPrezident təqaüdçüsü, beynəlxalq festival laureatı, AMK-nın doktorantı Leyla Muradzadə tərəfindən hazırlanmış albomda musiqi və qeyri-musiqi ixtisaslı kollektivlərin ifalarından ibarət 12 mahnı cəmlənmişdir. Burada Uşaq Xor Kapellası, Azərbaycan Milli Konservatoriyası, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə xorları, 23 və 35 saylı musiqi məktəblərinin xor kollektivləri, birləşmiş xor, eləcə də, sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbinin şagirdlərinin ifaları yer alıb.
Layihə rəhbəri Leyla Muradzadə çıxış edərək layihənin yaranma ideyası haqqında təqdimat iştirakçılarına ətraflı məlumat vermişdir. Tədbirdə Gənclər və İdman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, Milli Konservatoriyanin rektoru Siyavuş Kərimi, Azərbaycan Gənclər Fondunun şöbə müdiri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, 5 ay ərzində davam edən “Yüksəl, ey Azərbaycan” layihəsində ümumilikdə 250-dək uşaq və gənc iştirak edib. Layihənin məqsədi uşaq və gənclər arasında xor musiqisini təbliğ etmək, onların kollektiv ifa bacarıqlarını inkişaf etdirmək, eyni zamanda vətənpərvərlik ruhunda tərbiyəsinə təsir göstərməkdir. Layihəyə fiziki qüsurlu uşaqların cəlb olunması onların musiqi potensialının kəşf olunmasına dəstək olub.
Layihə üçün xüsusi işlənmiş,onunla eyni adlı “Yüksəl, Ey Azərbaycan” mahnısı Bakı Musiqi Akademiyası və 23 saylı musiqi məktəbinin birləşmiş xor kollektivi tərəfindən ifa edilib. Mahnının sözləri Anar Məmmdəov, Musiqisi Rəna Qədimova, aranjimanı Etibar Əsədliyə məxsusdur.
Tədbirin sonunda çıxış edən AMK-nın rektoru,Xalq artisti, professor Siyavuş Kərimi layihə rəhbəri Leyla Muradzadəni təbrik edib, Azərbaycan xor musiqisinin inkişafı üçün belə layihələrin vacibliyini vurğulayıb.