23 May 2019-cu il tarixində Bakı Beynəlxalq Tələbə Klubunun (BBTK) təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Tibb Universitetində “Biz birlikdə güclüyük” devizi altında Azərbaycanda Əcnəbi Tələbə Gənclərin III Ümumrespublika Forumu keçirilib.
Tədbir Azərbaycan dövlət himninin səslənməsi ilə başlanıb. BBTK İctimai birliyinin sədri Aysəba Umutlu və BBTK icraçı direktoru Saleh Althery Forumun işini açıq elan edərək, BBTK-nin fəaliyyətindən söz açıblar, Forumun gedişinə dair məlumat verib.
Forumda Azərbaycan Gənclər Fondunun direktoru cənab Fərid Cəfərov iştirakçılara təbriklərini çatdırıb, bu forumun hər il ənənəvi olaraq davam etdirilməsinin əhəmiyyətinə toxunub. Cənab Fərid Cəfərov belə Forumların, tədbirlərin ölkəmizin təbliğ olunması, əcnəbi və yerli tələbələr arasında dostluq münasibətlərinin qurulmasındakı vacibliyini və tələbələrin üzləşdiyi çətinliklərin həlli baxımdan önəmini qeyd edib.
Millət vəkili Şahin İsmayılov hər il keçirilən Forumun iştirakçılar və təqdimatlar baxımından bir-birindən zəngin olduğunu söyləyib.
Tibb Universitetinin rektoru Gəray Gəraybəyli hazırda Universitetdə 32 fərqli ölkədən 2000-ə yaxın tələbənin təhsil aldığını deyib. O, qeyd edib ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas prioritetlərindən biri də Universitetlərin dünyada reytinqinin artırılmasıdır ki, bu prosesdə ölkəmizdə təhsil əcnəbi tələbələrin sayı önəmli meyarlarından biridir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) prezidenti Umud Mirzəyev Forumun Azərbaycan gerçəklərinin dünyaya çatdırılmasında əhəmiyyətindən danışıb. U. Mirzəyev burada təhsil alan hər bir tələbənin öz vətəninə qayıtdıqdan sonra Azərbaycanın bir parçası, bir səfiri olacağına ümid etdiyini bildirib.
Forum zamanı əcnəbi tələbələr azərbaycan dilində müxtəlif şeirlər, səhnələr milli rəqs və müxtəlif proqramlar nümayiş etdiriblər. İştirakçılar tədbirin keçirildiyi məkanın foyesində təşkil edilmiş müxtəlif millətlərin milli-mənəvi dəyərlərini əks etdirən stend-sərgilərlə, əcnəbi tələbələrin rəsm əsərləri ilə tanış olublar. Burada Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Çin, Pakistan və s. xalqlara məxsus milli şirniyyatlar, xörəklər və suvenirlər nümayiş etdirilib.
Forumda Azərbaycan Gənclər Fondu, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər İdman Nazirliyi, Diaspora ilə iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Bakı Britaniya Məktəbi, Dövlət Miqrasiya İdarəsinin nümayəndələri o cümlədən Pakistanın ölkəmizdəki səfiri Saeed Khan Mohmand, Mərakeşin səfiri Mohammed Adil Embarç, Fələstin səfiri Nasir Əbdül Kərim, eləcə də, İtaliya, Ukrayna, Türkiyə, İraq, İran, Sudan, Türkmənistan, İordaniya səfirliklərinin nümayəndələri də daxil olmaqla bir çox səfirlik və dövlət nümayəndələri iştirak edib. Rəsmi qonaqlar tədbirdə səsləndirilən suallara cavab verib, çıxışlar ediblər.
Forumda 30 ölkədən – Turkiyə, İran, İraq, Suriya, Yəmən, İordaniya, Litva, Rusiya, Bolqarıstan, Ukrayna, İngiltərə, Hindistan, Pakistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan,Türkmənistan, Çad, Çin, Peru, Kamerun, Sudan, Əfqanıstan, Nigeriya, Şri-Lanka, İndoneziya, Fələstin və Keniyadan 400-ə yaxın tələbə iştirak edib. İştirakçılar əsasən Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Universiteti, Xəzər Universiteti, Odlar Yurdu, Bakı Mühəndislik Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və digər təhsil ocaqlarında təhsil alan əcnəbi tələbələr olub.