Azərbaycan Resbuplikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Skautlar Assosiasiyası və “Scout shop” səhifəsinin təşkilati dəstəyi və İctimai TV-nın dəstəyi ilə “Azərbaycanı birgə kəşf edək layihəsinin ilkin çəkiliş prosesi yekunlaşıb.
Layihə Azərbaycan təbiətinin gözəlliklərini, eyni zamanda ekoturizmin inkişafını özündə birləşdirir və video formatında “YouTube” sosial şəbəkəsində yayımlanacaq.Layihənin çəkilişi Quba, Astara və İsmayıllıda həyata keçirilib. Verilişdə ekoturizm, çöl şəraitində qidalanma, skautinq, ocaq qalama, çöl ləvazimatları kimi mövzular əhatə olunub.
Layihə rəhbəri və verilişin aparıcısı Gülsarə Qasımovanın sözlərinə görə, layihənin məqsədi Azərbaycan təbiətini insanlara daha yaxın etmək və vəhşi təbiətdə necə davranmaq lazım olduğunu təcrübə ilə izah etməkdir. “ Kamp həyatı ilə çoxdan məşğulam. Hətta demək olar ki, həyatımın bir hissəsinə çevrilib. Bu səbəbdən digərləri ilə də təcrübəmi bölüşmək istədim. Bilmədiklərimi öyrəndim və təkmilləşdirdim. Çünki artıq kütlə qarşısındayam və bu kifayət qədər ciddi məsuliyyətdir. Layihəyə maraq çoxdur mütləq ki, davam etdirəcəyik”.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibidir.