“Silahlı Qüvvələr Günü” münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Abşeron rayonu Pirəküşkül qəsəbəsindəki “N” saylı hərbi hissəsində tədbir keçirilib. Tədbirdə Gənclər Fondunun nümayəndəsi hərbi hissənin əsgər və zabitlərini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu gün Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib. Azərbaycan Silahlı Qüvvələrinin müasir texnika və sursatla təchiz edilməsi üçün dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə ardıcıl tədbirlər həyata keçirilir. Ali Baş Komandanın müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək, əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırması Silahlı Qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradır və onları torpaqlarımızın işğaldan azad olunmasında qələbəyə ruhlandırır. Tədbirdə xidmətdə fərqlənən əsgərlərə Gənclər Fondu tərəfindən hədiyyələr verilib, əsgərlər üçün intellektual və əyləncəli oyunlar, müxtəlif müsabiqələr və yarışlar təşkil olunub.