Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “İmadəddin Nəsimi- 650 illik DƏYƏR” adlı layihə həyata keçirilir.
Belə ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. 2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilmişdir.
2019-cu ilin “Nəsimi ili” elan olunmasına əsaslanaraq “Odlar Yurdu” Gənclər İB tərəfindən həyata keçirilən layihə çərçivəsində “Zaman Mənəm” adlı sənədli-bədii film, «iki aləmdə varım…» adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndirilmiş audio kitabı və Nəsiminin həyat və yaradıcılığına aid maraqlı məlumatları əks etdirən kitabça hazırlanıb.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə, layihə çərçivəsində hazırlanmış “Zaman Mənəm” adlı sənədli-bədii film və «İki aləmdə varım…» adlı audio kitabın Gəncə şəhərində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında, Şəmkir və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzində, Mingəçevir şəhərlərində isə Gənclər Evində təqdimatları baş tutub. Növbəti təqdimatlar isə Qaradağ, Xəzər, Binəqədi, Sabunçu və Suraxanı Gənclər Evlərində baş tutacaq. Yekun təqdimat və layihənin bağlanış mərasimi isə 12 iyul Bakı şəhər Konqres Mərkəzində baş tutacaq.
Layihənin icrasında əsas məqsəd Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı rol, Nəsimi irsinin öyrənilməsi, təbliği, gənclər arasında tanıdılması və ümumi maarifləndirmə işinin təşkilindən ibarətdir.