Azərbaycanın tarixi və mədəniyyətinin ölkə gəncləri arasında təbliği məqsədilə, Azərbaycan Respublikasının Gənclər Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən televiziya məkanında ilk əyləncəli-etnoqrafik layihə – “Əcdadların Mirası” adlı ölkə miqyaslı milli “kvest” yarışmasının seçim mərhələsi keçirilmişdir.
Bakı, Lənkəran, Şəki, Quba, Şamaxı, Gəncə, Qazax və Naxçıvandan keçirilən seçim turlarında 400-dək gənc öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Seçim mərhələsində ATGTİ (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı) nümayəndələri öz dəstəklərini əsirgəməyiblər.
Qeyd edək ki, yarışmada ölkəmizin müxtəlif regionlarından seçilmiş gənclərdən ibarət 4 komanda ölkəmizin tarix, mədəniyyət, adət-ənənələr və təbiətimiz ilə bağlı məntiq və bilik mübarizəsinə qatılacaq, mürəkkəb tapşırıqlarda güc və dözümlülüklərini sınağa çəkəcəklər. Televiziya layihəsinin sentyabr ayından İctimai TV-nin efirində yayımlanması planlaşdırılır. Yarışma 6 mərhələdən ibarət olacaq və hər mərhələsi fərqli bölgədə təşkil ediləcəkdir.