“Gənclərin İnkişaf və Tərəqqisinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunu maliyyə dəstəyilə “İnsan kapitalı” adlı layihə çərçivəsində Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda təlimlər keçirəcək. Layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gəncləri peşə təhsilinə cəlb etmək yolu ilə bərabər imkanlar təmin etmək , bu sahədə təbliğat və maarifləndirmə işinin aparılmasıdır.
Ümumilikdə 500 nəfər gənc birbaşa təlimlərdə iştirak edəcəkdir. Layihənin əsas hədəf qrupu 14-29 yaş arası olan gənclərdir. Layihə çərçivəsində maarifləndirici nəşrlər çap olunaraq paylanılacaqdır. Keçiriləcək təlimlər “təlimçilər üçün təlim” formatında təşkil ediləcəkdir ki, gələcəkdə bu təlimləri uğurla bitirən gənclər digər insanlara də təlim verməsi əsas məqsədlərimizdəndir. Bu, həm də layihədən faydalanacaq gənclərin sayının artırılması baxımından bu çox vacib faktordur.
Qeyd edək ki, insan kapitalı – insanın cəmiyyətdə özünürealizə və cəmiyyətin imkanlarından tam istifadə etmək üçün biliyinin, bacarığının, peşəkarlığının cəmi hesab olunur. Son 30-40 il ərzində elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret faəliyyətin nəticəsinə çevirilməsini təmin edir. Praktikaya əsaslanan təhsil sosial-iqtisadi inkişafa effektli xidmət göstərir.