Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” müsabiqəsində qalib olan tələbələrlə Naxçıvan Dövlət Universitetində görüş keçirilib. Görüşdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Orxan Ərəbov gəncləri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıblar.
Daha sonra müsabiqə qalibləri ilə təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müqavilələr imzalanıb. “Sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi” üzrə 2019-ci ildə keçirilmiş müsabiqə çərçivəsində Naxçıvan Muxtar Respublikasında təhsil alan 45 tələbənin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən qarşılanacaqdır. Xatırladaq ki, bu il keçirilmiş müsabiqə zamanı ali təhsil müəssisələri ilə yanaşı, orta-ixtisas təhsil müəssisələrində təhsil alan 1151 tələbə onlayn qaydada Fondun internet səhifəsi vasitəsilə müsabiqəyə sənədlərini təqdim edib. Nəticələrə əsasən ali və orta-ixtisas təhsili alan 425 gəncin təhsil haqqı xərcləri (tam və ya qismən) Gənclər Fondu tərəfindən qarşılanacaqdır.