Şəhər və rayon mərkəzlərindən kənarda, xüsusilə də ucqar kəndlərdə yaşayan gənclər üçün Gənclər Fondu tərəfindən həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi başa çatıb.
Layihənin məqsədi gənclər evləri, gənclərin inkişaf və karyera mərkəzləri və digər sosial-xidmət müəssisələrinə gələ bilməyən gənclərə dövlət tərəfindən yaradılan imkan və xidmətləri yaxın etməkdən ibarətdir. Belə ki, peşəkar təlimçi, gənc həkim, müəllim, psixoloq və bloqerlərdən ibarət qrup ucqar kəndlərə səyahət edərək, orada yerli gənclər üçün gün ərzində müxtəlif tədbirlər keçirib, xidmətlər göstəriblər. Gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, onların daim dövlət qayğısı ilə əhatə olunması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələ və həyata keçirdiyi dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu gün dövlət başçısının təşəbbüsü ilə istər məşğulluq və sahibkarlıq, istər təhsil və təcrübə, istərsə də, beynəlxalq təmsilçilik sahələrində gənclərə yönəlik xüsusi proqramlar həyata keçirilir, onların fərdi inkişafı, əlavə bilik və səriştələrə yiyələnmələri üçün əməli tədbirlər görülür. “Səyyar Gənclər Xidməti” cənab Prezidentin bu istiqamətdə yaratdığı imkanların ucqar kəndlərdə yaşayan gənclərə təqdimatı və icrasına yönəlmiş növbəti layihə kimi çıxış edir.
“Səyyar Gənclər Xidməti” çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclər siyasəti ilə bağlı maarifləndirmə, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər təşkil edilir. Kitab sərgisi, müxtəlif mövzularda təlimlər, intelektual və idman yarışları, şəxsi inkişaf ilə bağlı sessiyalar keçirilir, dövlət tərəfindən gənclər üçün mövcud xidmət və imkanlar, xüsusilə də ölkə daxilində və xaricdə təhsil, məşğulluq, sahibkarlıq və könüllülük fəaliyyətləri barədə təqdimatlar nümayiş olunur. Səfər zamanı gənclər könüllülük, ixtisas seçimi, xarici dil, ünsiyyət, natiqlik və digər mövzularda qrup təlimləri keçirilir. Bununla yanaşı, həkimlər tərəfindən gənclərin tibbi müayinədən keçirilməsi təşkil edilir. Layihənin əyləncəli hissəsində gənclərə öz istedadlarını nümayiş etdirmək üçün meydan verilib, fərqlənən gənclər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi sentyabrın 25-dən oktyabrın 8-dək Qazax, Şəmkir və Biləsuvar rayonlarında, ümumilikdə, 16 kəndi və 2000-dək gənci əhatə edib. Xidmət 3 regionun hər birində 5 gün olmaqla, ümumilikdə, 15 gün davam edib.
Bu günə qədər Qazax rayon Daş Salahlı, Çaylı, Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndləri, Şəmkir rayonunun Yuxarı Seyfəli, Aşağı Seyfəli, Ağlavaşlı, Təzəkənd və Düyərli kəndləri, Biləsuvar rayonunun isə Xırmandalı, Ağalıkənd, İsmətli və Bağbanlar, Aşağı Cürəli kəndlərində səfərlər keçirilmişdir.
“Səyyar Gənclər Xidməti”nin layihəsi respublikamızın digər rayonlarında da həyata keçiriləcək.