Azərbaycan Respublikasının Gənclər Fondunun maddi dəstəyi, Avropa Hüquqşünas Tələbələr Assosasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə layihəsi olan “ProDemos – Xalq üçün” Murad İsmayılovun rəhbərliyi ilə baş tutub.
Tədbir Dövlət Miqrasiya Xidmətində keçirilib. Konfransda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Korrupsiyaya qarşı Mübarizə Komissiyasının Katibliyinin rəhbəri Əliməmməd Quliyev çıxış ediblər.
İlk olaraq tədbirin moderatoru Bayram Orucov “ProDemos-xalq üçün” layihəsinin və ELSA Azərbaycan təşkilatının strukturu və fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Vüsal Hüseynov “Açıq hökumət sahəsində maarifləndirmənin vacibliyi” mövzusunda və Açıq hökumətin əsas prinsipləri haqda iştirakçılara ətraflı məlumat verib, innovativ yanaşma, dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin həyata keçirilməsi, dövlət orqanlarının yanında ictimai şuralar haqqında maraqlı məlumatları gənclərlə bölüşüb.
Daha sonra çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov “Açıq hökumət”in əsasında şəffaflığın dayanması faktını vurğulayıb və Fondun fəaliyyət istiqamətləri, “Açıq hökumət”in əsas prinsiplərindən biri olan iştirakçılıq sahəsində əhəmiyyəti, o cümlədən elektron, rəqəmsal inkişaf və hüquqi maarifləndirmə haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Əliməmməd Quliyev “Açıq hökumət” platformasının yaradılması, hökumət və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsi, “Açıq hökumət”in fəaliyyət planları, dövlət müəssisələri üçün maliyyə şəffaflığının əsas prioritet olması, “Açıq hökumət” sahəsində III fəaliyyət planının antikorrupsiya təşkilatı ilə birlikdə həyata keçirilməsi və benefisiar sahiblik haqqında danışıb. Konfransın sonunda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, bəzən milli qanunvericiliyimizdə baş verən yeniliklər obyektiv səbəblərdən sadə xalq üçün anlaşılan olmur və bu problem isə öz növbəsində belə şəxslərin hüquqi yardıma, hüquqi maariflənməyə olan ehtiyacını labüdləşdirir. “ProDemos – Xalq üçün” layihəsinin qayəsi bu problemlərin “sosial şəbəkə”lər vasitəsilə həlli, xüsusilə qanunvericilikdə ictimai əhəmiyyət kəsb edən yeniliklərin sadə dildə əhaliyə izahı və hüquqi yardıma ehtiyacı olanlara dəstək verilməsindən ibarətdir.