Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər İctimai Birliyi “Gənclər vətənpərvərliyin ruhunda ” adlı layihə çərçivəsində 31 saylı tam orta məktəbdə “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Aprel döyüşlərinin rolu” mövzusunda elmi praktik konfrans keçirib. Konfransı giriş sözü ilə açan 31 saylı tam orta məktəbin direktoru Akif Əliyev qeyd edib ki, “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Layihə rəhbəri Müqamət Əliyev bildirib ki, müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyi onun silahlı qüvvələrinin hazırlanmasından asılıdır. Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. Bu ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olan gənclər arasında vətənpərvərlik hisslərinin yüksədilməsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Layihə üzrə təlimçi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlil, aprel döyüşlərinin əfsanəsi mayor Asif Rəsulov bildirib ki, Ulu Öndər Heydər Əliyev cənabları 2 fevral 1996-cı ildə gənclərin birinci forumunda söylədiyi nitqində gənclərlə məşğul olan bütün təşkilatların ictimaiyyətin diqqətini bu mühüm məsələyə cəlb edərək demişdir: “Azərbaycan ərazisinin bir qisminin Ermənistan respublikasının ərazi bütövlüyü pozulduğuna görə milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu nizamnaməsi olsun.” Həqiqətən güclü ordu yaratmaq, vətəni, doğma torpağını canından artıq sevən gənclər yetişdirmək istəyiriksə, bu prosesin körpəlikdən başlayaraq orta təhsilin bütün pillələrində ali məktəbdə, ailədə, cəmiyyətdə, hərbi hissədə davam etməsi lazımdır. Tədbirdə digər çıxış edənlər məktəbin tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Sürəyya Yusifova, fizika müəllimi, şairə, məktəb illəri mahnısının sözlərinin müəllifi Kəmalə Abıyeva, hərbi rəhbər Mehman Səlimov, Yasamal Gənclər və İdman İdarəsinin nümayəndəsi Yusif Quliyev, ARGTMŞ-n nümayəndəsi Səbinə Əliyeva və digərləri vətənpərvərlikdən danışaraq, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbir zamanı həmçinin Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizi, zabitlərimizi, yaralanmış və şəhid olmuş igidlərimizi xalqımıza geniş şəkildə tanıdılmasının vacibliyi qeyd olunub. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunub. Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynəklər və sertifikatlar paylanılıb.