Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə bağlı 14 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində gənclər təşkilatları və könüllü hərəkatlarının iştirakı ilə görüş keçirilib.
Görüşün keçirilməsində əsas məqsəd 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncama uyğun olaraq könüllü fəaliyyətin təşviqi, il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər, yeni təşəbbüslər barədə müzakirələrin təşkili olmuşdur.
Görüş zamanı iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması qeyd olunmuşdur.
Görüşdə həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, maarifləndirmə xarakterli tədbirlərin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzun müddətli proqramların icrası, könüllülər üçün düşərgələrin təşkili və digər istiqamətlər ilə bağlı təkliflər dinlənilib və geniş müzakirələr aparılıb.
Qeyd edək ki, könüllü fəaliyyətin təşviqi Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biridir. Belə ki, Fond tərəfindən keçirilən qrant müsabiqələrində və müsabiqədən kənar maliyyələşdirilən layihələr üçün müəyyən edilən mövzular sırasında mütəmadi olaraq könüllülük fəaliyyətinin təşviqi də yer alır. 2019-cu il ərzində Gənclər Fondunun “Gənc Könüllü” proqramının fəaliyyəti genişləndirilmiş, regionlarda təmsilçiliyi artmışdır. Proqram vasitəsi ilə yüzlərlə gənc ilk dəfə könüllü hərəkatına qoşulmuş və nümayəndəliklərin fəaliyyətinin təşkilində aktiv iştirak etmişlər.
1-9 dekabr tarixlərində “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilmişdir. Bütün könüllü təşkilatları və hərəkatlarını, həmçinin Azərbaycanın əksər şəhər və rayonlarını əhatə edən “Könüllülük Həftəsi” çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur. Həftə çərçivəsində eyni zamanda 79 yerli icra hakimiyyəti orqanı tərəfindən ümumilikdə 15,000-dən çox könüllünün iştirakı ilə 100-dən çox tədbir keçirilmişdir.