Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi və təcrübə mübadiləsi aparılması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Türkiyə Gənclər Fondunun (TUGVA) baş direktoru Enes Eminoğlu arasında görüş keçirilmişdir.
7 yanvar 2020-ci il tarixində İstanbul şəhərində keçirilən görüş zamanı dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, o cümədən təhsil, fərdi ideyaların dəstəklənməsi, beynəlxalq təmsilçilik, məşğulluq və digər sahələrdə gənclər üçün icra olunan proqramlar barədə məlumat verilmiş, Gənclər Fondunun fəaliyyəti barədə geniş təqdimat edilmişdir.
Görüş əsnasında iki qurum arasında əməkdaşlıq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılmış, xüsusilə tələbələrin dəstəklənməsi, gənclər mübadiləsi, beynəlxalq təmsilçilik, gənclərin potensialının artırılması, asudə vaxtın səmərəli təşkili və digər sahələrdə birgə layihələrin işlənib-hazırlanması və həyata keçirilməsi barədə razılığa gəlinmişdir. Həmçinin, cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin Azərbaycanda “Könüllülük ili” elan edilməsi nəzərə alınaraq, könüllülüklə bağlı hər iki ölkənin gənclərinin iştirakı ilə beynəlxalq layihələrin həyata keçirilməsi imkanları barədə müzakirələr aparılmışdır.
Səfər zamanı həmçinin Türkiyə Gənclər Fondunun tələbə gənclər yataqxanaları ziyarət edilmiş, burada tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olunmuşdur.