Ölkə başçısının 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, 16
noyabr tarixində Quba və Qusar rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə
başlayıb.
Nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq,
gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər
Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha
dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Bu xüsusda, gənclərin əlavə
bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil
və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər
təşkil olunacaqdır. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət
tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq,
həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə
edəcəklər.
Açılış mərasimlərində çıxış edən Gənclər Fondunun icraçı direktoru, rayon icra
hakimiyyətlərinin rəhbərliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba və Qusar
rayon nümayəndəliklərinin direktorları dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi
gənclər siyasətindən və gənclər üçün mövcud olan imkanlardan danışıblar. Qeyd
olunub ki, bu gün gənclərin hərtərəfli inkişafının təmin olunması, onların məşğulluq
və sahibkarlıq imkanlarının genişləndirilməsi, asudə vaxtının təşkili, habelə gənclər
üçün təhsilin əlçatanlığının daha da artırılması istiqamətində mütəmadi işlər davam
etdirilir. Cənab Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin
gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi,
onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə
verəcəyi vurğulanıb, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət
olunublar.
Daha sonra tədbir iştirakçıları üçün Quba və Qusar rayonlarındakı Heydər Əliyev
Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda
Mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin, region
gəncləri “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər
musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.
Qeyd edək ki, Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur
obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin
dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin
edilməsi ilə bağlı Dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, bir müddət öncə
Cəlilabad və Masallı rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə
başlayıb, bu ilin sonu və növbəti ilin ilk rübü ərzində isə ölkənin bütün şəhər və
rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri
yaradılacaqdır.