06 noyabr 2019-cu il tarixdə 34 saylı tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” layihəsinin açılış mərasimi və ilk tədbiri keçirilib.
Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov, 34 saylı tam orta məktəbin müəllim heyəti və 30 nəfər şagird iştirak ediblər.
Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsi ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir. Təlimçi qeyd edib ki, “XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış elektronlaşma prosesləri ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etmişdir. Hazırda ölkədə geniş tətbiq olunan “Elektron hökumət”in vətəndaş üçün bir sıra üstünlükləri var. Qeyd etmək lazımdır ki, vətəndaş dövlət qurumlarının göstərdiyi xidmətləri internet vasitəsi ilə aldığından bürokratik əngəllər aradan qalxır. Yaradılan xidmətlər həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, elektron qaydada həll etməyə imkan verir. Artıq “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində xeyli işlər görülüb. Atılan addımlar dövlətin qarşıdakı illərdə göstərilən elektron xidmətlərin əhatəsinin genişləndirilməsi və keyfiyyətinin artırılmasında maraqlı olduğunu göstərir”.