[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/06/7809_10151720437355449_1144113734_n.jpg” ]
20-21 iyun 2013-cü il tarixində Ukraynanın Kiyev şəhərində “Şərq Tərəfdaşlığı ölkələrinin gənclər siyasəti” beynəlxalq konfransı keçirilir. Konfrans Avropa İttifaqı tərəfindən dəstəklənir. Konfransın açılış mərasimi bu gün 20 iyun tarixində baş tutmuşdur. Mərasimdə Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ukrayna, Belarusiya, Moldova, Gürcüstan və Ermənistan) dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.
“Şərq Tərəfdaşlığı regionu üzrə gənclər siyasətinə dəstək proqramı” adlı layihənin keçirilməsində əsas məqsəd Şərqi Avropa və Qafqaz regionunda gənclər mübadiləsini, könüllü fəaliyyəti təmin etmək, gənclərin və təşkilatların bacarıqlarını daha da inkişaf etdirmək üçün mövcüd proqramlar çərçivəsində tərəfdaş ölkələrə balanslı yanaşmanı, onların mövcud imkanlardan bərabər əsasda faydalanmaları üçün şərait yaradılmasını diqqətdə saxlamaqdır. Konfrans çərçivəsində müxtəlif ölkələrin gənclər siyasəti sahəsində təcrübə mübadiləsi, Avropa İttifaqının gənclər siyasətinin prioritet sahələri ilə tanışlıq, Şərq Tərəfdaşlığı ölkələri gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi və proqram çərçivəsində gələcək fəaliyyətlərin müzakirəsi nəzərdə tutulub. Konfransa 6 ölkədən 60-dan artıq iştirakçı qatılıb.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Nisə Paşayeva, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun baş katibi Vüsal Qurbanov, “İRƏLİ” Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Türkan Vüsətqızı və tələbə gənclər təşkilatlarının nümayəndələri təmsil edirlər.
F.Hacıyev çıxışında Azərbaycan gənclər siyasətinin təqdimatını etmiş, ölkəmizdə dövlətin gənclər sahəsinə xüsusi diqqət və qayğısından, gənclər siyasəti sahəsində görülən işlərdən və əldə olunmuş çox saylı uğurlardan bəhs etmişdir.
Tədbirdə iştirak edən Ukraynanın Gənclər və İdman naziri Ravil Safiullin tədbir iştirakçılarını salamlamış və qonaqlara konfransda iştirak etdiklərinə təşəkkür etmişdir.