[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/05/1291286619_palitra.jpg” ]
30 may 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Dilarə Müzəffərlinin rəhbərlik etdiyi “Gənc istedadların yaradıcılığında ənənə və müasirlik” adlı fərdi layihəyə start verilib.
“Gənc istedadların yaradıcılığında ənənə və müasirlik” layihəsi bügünkü gündə ən aktual mövzulardan biri olan gənclər arasında milli ənənələrin unudulması probleminin aradan qaldırılması yolunda atılan addımlardan biri kimi qiymətləndirilə bilər.
Layihənin keçirilməsində əsas məqsədlərdən biri də respublikamızda yaradıcılıqla məşğul olan gənclər arasından istedadlıları üzə çıxarmaq, onların yaradıcılıqlarının stimullaşdırılması və eyni zamanda onlara ünvanlanmış dövlət qayğısını hiss etmələrinə şərait yaratmaqdır.
18-35 yaş arası yaradıcı gənclərin iştirakının nəzərdə tutulduğu layihə çərçivəsində yaradıcı gənclərin əsərlərindən ibarət sərgi keçiriləcəkdir. Sərgidə gənc rəngkar, heykəltaraş, qrafik, xalçaçı-rəssam və modelyer-dizaynerlərin yaradıcılıq işləri sərgilənəcəkdir. Ekspozisiyaya daxil olan əsərlərin hər biri Azərbaycan təsviri sənətinin özünəməxsus zəngin bədii ənənələrini özündə ehtiva edəcəkdir. Sərginin açılış mərasimində gənc modelyer-dizaynerlərin geyim kolleksiyası da nümayiş olunacaqdır. Layihə və sərgi iştirakçıları haqqında mətnin və rəngli fotoların yer aldığı kataloq ictimaiyyətə təqdim ediləcəkdir. Eyni zamanda layihə çərçivəsində sərginin ikinci günü mütəxəssislərin və yaradıcı gənclərin iştirakı ilə “Ənənə və müasirlik” mövzusu ətrafında müzakirə keçiriləcəkdir.
Sərginin cari ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.