28 oktyabr 2019-cu il tarixində Şəmkir rayonunda Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Velosiped Federasiyası, Şəmkir rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam Gənclik” layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd gəncləri sağlam həyat tərzinə təşviq olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.
Gənclərin veloyürüşü ilə başlayan layihədə 1000-ə yaxın gənc iştirak edib. Şəmkir rayonu Bayraq Meydanından start verilən yürüşdə velosipedçilər şəhər mərkəzi boyu dövrə vuraraq Bayraq Meydanında finiş xəttinə çatıblar.
Tədbirdə Gənclər Fondunun, Azərbaycan Velosiped Federasiyasının və Şəmkir rayon icra hakimiyyətinin rəhbərliyi iştirak edib. Çıxış edənlər velosiped idman növünün sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar. Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Daha sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Şəmkir rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib. Layihə növbəti gün Qazax rayonunda davam edib
.