Çinin paytaxtında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb.
Forum dünyanın 69 ölkəsindən 500-ə yaxın gəncin iştirak etdiyi Asiya-Afrika gənclər festivalı çərçivəsində həyata keçirilir. Tədbirdə tarixi İpək Yolunun əhatə etdiyi ölkələrdən gənc sahibkarlar, inkubator yaradıcıları, startapçılar və dövlət qurumları nümayəndələri iştirak edirlər. Layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara bizneslərinin inkişafı üçün dəstək olmaq, onların davamlı ünsiyyəti və innovativ ideyaları həyata keçirmələrinə töhfə vermək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmək üçün bir sıra imkanlar təklif etməkdir.
Açılış mərasimində çıxış edən Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin rəhbəri Xı Cunkı bildirib ki, Asiya-Afrika Gənc Sahibkarlar Forumu sülh və inkişaf üçün mühüm rol oynayır. Bu layihə gənclər üçün əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Aytən Əliyeva Azərbaycan dövlətinin gənclər siyasətindən, ölkəmizdə gənclərə olan qayğıdan danışıb. Azərbaycanın İpək Yolu üzərində vacib tərəfdaş olduğunu bildirən Aytən Əliyeva forumun region ölkələrindən olan gənclər üçün önəmini qeyd edib.
Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov forumun gənc sahibkarlar şəbəkəsinin yaradılması əsas hədəflərdən olduğunu diqqətə çatdırıb və Gənclər Fondunun bu kimi layihələrə hər zaman dəstək olduğunu qeyd edib.
Festival çərçivəsində Çinin Xarici İşlər Nazirliyi, Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsi, Pekin Universiteti, Pekin Beynəlxalq Gənclər Universiteti, Çin Gənclərinin İnkişaf Fondu, Pekin Könüllük Xidməti Mərkəzi, Pekin Gənclər Mərkəzi, müxtəlif qlobal şirkətlər və sahibkarlıq fəaliyyətinin təşviqi üzrə konsultasiya mərkəzlərində görüşlər keçirilməsi də nəzərdə tutulub.