3 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində görüş keçirilib. Qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan Fərid Cəfərov Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə öz növbəsində gəncləri təbrik edərək, ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikirlərini diqqətə çatdırıb.