[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/02/NDA_8340.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin “Kaspi” qəzetinə müsahibəsi
Fərhad Hacıyev: “Dövlət çalışır ki, heç bir gənc bu diqqət kənarda qalmasın”
Son illər gənclərə dövlət tərəfindən göstərilən qayğı Azərbaycan gəncliyinin inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan və 8 iyun 2011-ci ildən fəaliyyətə başlayan Azərbaycan Gənclər Fondu dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsidir. Sözügedən fondun icraçı direktoru Fərhad Hacıyev fondun gördüyü işlər barədə “Kaspi”nin suallarını cavablandırıb.
– Azərbaycan Gənclər Fondunun artıq 1 yaşı tamam olub. Bu müddət ərzində Fond hansı işləri görüb?
– Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq Gənclər Fondu gənclər arasında kifayət qədər tanındı. Yüzlərlə gənc, gənclər təşkilatı müxtəlif ideyalarla, təkliflərlə Fonda müraciət etdi. Hal-hazırda Fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatmış, digər bir hissəsi isə davam edir. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, Fond tərəfindən də bir sıra tədbirlər reallaşdırılıb və qısa müddət ərzində gənclərin inkişafı üçün önəmli olan əhəmiyyətli məsələlər həll edilib. Fəaliyyətə başladığı gündən Fond ilk qrant müsabiqəsini elan edərək, 5 kateqoriya üzrə layihələr qəbul edib. İlk müsabiqədə qalib olan 129 layihənin icrasına başlanılıb. Bundan əlavə, fond ilkə imza ataraq gənclərin layihələrini internet vasitəsilə qəbul etmişdir. Həmçinin fonda 1 il ərzində və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirmiş, beynəlxalq layihələrdə partnyor qismində çıxış etmişdir.
– Fərhad müəllim, Fond tərəfindən hansı beynəlxalq lahiyələr mailiyyələşdirilib?
– İlk qrant müsabiqəsi zamanı Gənclər Fondu 16 beynəlxalq layihəni maliyyələşdirib. Bunlardan Litvada “Azərbaycan gənclərinin Litva Respublikasında diaspor fəaliyyəti” layihəsi, Türkiyədə XV Türk Dünyası Gənclik Günləri və Qurultayı, Almaniyada “Gənc mütəxəssislərin inkişafı” layihəsi, Belarusda “Progres üçün sinerji” layihəsi və digərlərini qeyd edə bilərəm. Eyni zamanda, Fond Moskvada Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) hesabat-seçki konfransı, İstanbulda “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu”, Vyanada “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” kimi forumlara dəstək göstərmiş, təşkilatçı qismində çıxış etmişdir.
– Region gənclərinin fəaliyyətini necə, stimullaşdırmaq üçün hansısa işlər görürsünüzmü?
– Biz ilk qrant müsabiqəsini elan edərkən, regionlardan olan gənclərin fəal olmasını, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılmasını əsas istiqamətlərdən biri kimi götürdük. Regionlardakı gənclərin layihələrə cəlb olunması ilə yanaşı, onların layihə təklifləri də qiymətləndirilmiş, dəstək göstərilmişdir. İlk qrant müsabiqəsində maliyyələşdirilmiş layihələrin 70 faizi regionlardan olan təşkilatlar və gənclər tərəfindən irəli sürülmüş, fəaliyyətimizdə ölkənin 46 bölgəsi əhatə olunmuşdur. Müsabiqə zamanı regionlardan olan gənclərin aktivliyi və təşəbbüslərlə çıxış etməyi həqiqətən də sevindirici haldır.
– Ümumiyyətlə, Azərbaycan gənclərinin ictimai-siyasi həyatda aktivliyi sizi qane edirmi?
– Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır. Ölkəmizin sosial, iqtisadi, mədəni inkişafında əlbəttə ki, gənclərin böyük rolu var. Onlar nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Bu gün istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. İstər kino, teatr, rəsm, sənətlə məşğul olan yaradıcı gənclər, istər musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində, idmanda öz uğurları ilə seçilən gənclər, istərsə də gənc alimlərimizin, ixtiraçılarımızın nəinki ölkəmizdə, həmçinin xarici dövlətlərdə əldə etdikləri uğurlar haqqında eşitmək bizi çox sevindirir. Bununla yanaşı, dövlətimiz tərəfindən gənclər üçün yaradılmış imkanlar gənclərin ölkəmizin ictimai-siyasi və digər sahələrində aktiv iştirakına şərait yaradır.
– İlk qrant müsabiqəsi hansı kateqoriyalar üzrə müəyyənləşib və hər kateqoriyada neçə layihə mailiyyələşdirilib?
– Gənclər Fondu ilk qrant müsabiqəsini 5 kateqoriya üzrə elan etdi və 129 layihə maliyyələşdirdi. Müsabiqə zamanı Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən gələn layihə təkliflərindən Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə isə 9 layihə seçilmişdir. Digər D və E kateqoriyaları üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunmuşdur. Qeyd etdiyim kimi, ilk qrant müsabiqəsi zamanı Gənclər Fondu 5 kateqoriya üzrə layihələrə dəstək göstərdi və seçilən lahiyələr mailiyyələşdirildi. Bunlar A, B, C, D və E kateqoriyaları idi. A kateqoriyası üzrə biz regionlarda gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlərin inkişaf etdirilməsilə gənclər sahəsində sosial-ictimai fəallığının inkişafına dəstək verməyə çalışdıq. Bu kateqoriya üzrə təqdim olunan layihələrdə əsas istiqamət kommunikativ vasitələr, yeni media və gənclər, liderlik məktəbləri, gənc liderlərin yetişdirilməsi, gənc kadrların peşəkarlığının artırılması və gənclərdə menecment bacarıqlarının inkişafı və ekoloji maarifləndirmə olmuşdur. B kateqoriyası üzrə Azərbaycanda xarici ölkələrin gənclərinin iştirakı ilə keçirilən tədbirlər, konfranslar, forumlar, həmçinin xarici ölkələrdə Azərbaycan gənclərinin iştirakı ilə keçirilən tədbirlər nəzərdə tutulmuşdur. Gənclərin intellektual və yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə C kateqoriyası fəaliyyət göstərirdi və bu kateqoriya üzrə yaradıcı gənclərin teatr, kino, memarlıq, dizayn, müasir incəsənət sahəsində layihələri, animasiya və bədii filmlər, gənc ixtiraçılar və xüsusi istedadlara malik olan gənclərə dəstək layihələri həyata keçirildi. Digər D və E kateqoriyalarına gənclər il boyu müraciət edə bilərlər. D kateqoriyası gənc alimlərin, ictimai fəal, istedadlı və yaradıcı gənclərin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakının qismən maliyyələşdirilməsi, E kateqoriyası isə yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə yaradılıb.
– Gənclər çox vaxt paytaxtda münasib qiymətə, yaxud pulsuz əyləncə məkanlarının, ümumiyyətlə onların bir araya gəlmək üçün toplana biləcəyi məkanın olmadığından şikayətlənirlər. Bu yöndə hansısa planlarınız varmı? Məsələn, bir qrup gənc hansısa mövzunu müzakirə etmək, yaxud konkret iş görmək üçün bir yerə toplaşmaq istəyir, amma pulsuz başa gələcək yer yoxdur.
– Gəncləri maraqlandıran, onların inkişafına yönəlmiş, yeni gənclər şəbəkələrinin yaradılmasına şərait yaradan müzakirə, forum, diskussiya, təlim qismində layihələri Gənclər Fondu daha öncə də maliyyələşdirmiş, bundan sonra da dəstək göstərəcəkdir. Yetər ki, gənclərimiz inkişaf etsin və bununla ölkəmizin inkişafına xidmət etsinlər. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını planına əsasən regionlarda, paytaxt Bakının hər bir rayonunda Gənclər Evlərinin inşasına başlanılıb. Bununla yanaşı, yaxın zamanlarda Respublika Gənclər Mərkəzi də yaradılacaq və gənclərimiz üçün fəaliyyət göstərəcək. Biz dövlətimiz tərəfindən gənclər üçün yaradılan imkanlardan istifadə edərək ölkənin ictimai-siyasi həyatında və digər sahələrində fəal vətəndaş obrazında məhz gəncləri görmək istəyirik.
– İnkişaf etmiş ölkələrdə gənclərlə iş necə aparılır və onlarla müqayisədə bizim ölkəmizin gənclər siyasətində tətbiq etdiyi model sizi qane edirmi?
– Müxtəlif ölkələrin gəncləri ilə mütəmadi olaraq keçirilən görüşlərdə aparılan danışıqlar göstərir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. İnkişaf etmiş ölkələrdə gənclər siyasəti pərakəndə formada həyata keçirilir. Daha çox qeyri-hökumət təşkilatları vasitəsilə və müxtəlif beynəlxalq proqramlar çərçivəsində gənclər sahəsində fəaliyyət göstərilir. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə gənclər siyasəti sahəsində bələdiyyələrin fəaliyyəti daha çox gözə çarpır. Mən bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Azərbaycanda aparılan gənclər siyasəti modeli bəlkə də dünyanın heç bir yerində yoxdur. Ölkəmizdə gənclərə xüsusi diqqət və qayğı var. Dövlət çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış imkanlardan maksimum faydalansın. Yetər ki, gənclər savadlı, bilikli və inkişaf etməyə istəkli olsunlar.
– Xaricdə fəaliyyət göstərən gənclər təşkilatları ilə əməkdaşlıq edirsinizmi?
– Gənclər Fondu Avropanın bir sıra gənclər təşkilatları, Avropa Gənclər Fondu ilə əməkdaşlıq edir, müxtəlif layihələrin icrasında, konfranslarda, seminarlarda, forumlarda onlarla birgə fəaliyyət göstərir. Fond müxtəlif ölkələrdə keçirilən tədbirlərə qatılır, Azərbaycanı təmsil edir və informasiya mübadiləsində fəal iştirak edir. Ötən il Bakıda keçirilən “Sərhədsiz gənclər əməkdaşlığı” beynəlxalq forumu çərçivəsində Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu da imzalanıb.
– Fondun gələcək planları nələrdir? Hansı işləri görməyi düşünürsünüz?
– Bildiyiniz kimi, hal-hazırda Gənclər Fondunun ikinci qrant müsabiqəsi davam edir. İlk müsabiqədə olduğu kimi, bu müsabiqədə də eynilə 5 kateqoriya müəyyən edilmişdir. Bununla yanaşı, Fond önümüzdəki ildə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Fondumuz müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Bundan başqa, Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək. Həmçinin, Fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır. Hal-hazırda Fondun saytında 314 gənclər təşkilati və 263 fərdi gənc qeydiyyatdan keçmişdir.
Aygün Cəfərli