[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/02/NDA_2529.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin “Üç nöqtə” qəzetinə müsahibəsi
Azərbaycanda son illər gənclərlə bağlı, onların inkişafı üçün ciddi işlər həyata keçirilir. Gənclər Fondunun yaradılması ilə Azərbaycan gənclərinin ölkəmizin inkişafı üçün görmək istədiyi işlərə böyük dəstək verilib. Bu sahədə görülən və yaxın gələcəkdə görüləcək işlər barədə suallarımızı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun İcraçı direktoru Fərhad Hacıyev cavablandırıb.
– Fərhad müəllim, Azərbaycan gəncliyi bu gün ölkəmizin problemlərinin həlli istiqamətində nə dərəcədə fəaldır?
-Vətəndaş cəmiyyətinin formalaşmasında əvəzolunmaz rol oynayan və cəmiyyətimizin ən aktiv üzvləri olan Azərbaycan gəncliyi cəmiyyətdə müxtəlif sahələrdə təmsil olunurlar. Azərbaycanda gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri olaraq sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Bu gün böyük fəxrlə demək olar ki, müasir Azərbaycan gəncliyi Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilib. Müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak etiblər. Azərbaycan gənclərinin cəmiyyətin müasir, inkişaf etmiş, yüksək intellektli nümayəndələri kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Ümummilli Lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu gün ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Azərbaycanda gənclərin inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün şərait yaradılıb. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaqdır.
– Gənclər Fonduna Gənclər Təşkilatları və ayrı-ayrı gənclər tərəfindən verilən layihələr bu məsələni nə dərəcədə əks etdirir?
-İlk qrant müsabiqəsi zamanı gənclər təşkilatları və gənclər tərəfindən olduqca müxtəlif mövzuları əhatə edən, günümüzün əhəmiyyətli məsələlərinə toxunan, maarifləndirici, araşdırma, təkmilləşmə istiqamətli layihələr təqdim olunub. İstər incəsənət, idman, elm, təhsil, tibb, istərsə də ictimai-siyasi sahələri əhatə edən layihələr gənclərimizin cəmiyyətin inkişafında fəal iştirakını təmin edir. Həmçinin, gənclərin ölkənin ictimai həyatında aktiv iştirak etmək istədiyinin göstəricisi kimi çıxış edir. Bununla yanaşı, dövlətimiz tərəfindən gənclər üçün yaradılan imkanlar gənclərin ölkəmizin ictimai-siyasi və digər sahələrində aktiv iştirakına şərait yaradır. Gənclər Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilən layihələrdə daha da geniş iştirakının təmin olunmasına yönəldilib.
– Gənclər Fondu gənclərin hansı istiqamətdə layihələrini dəstəkləyib və hansı hədəflərə nail ola bilib?
-Gənclər Fondu ilk qrant müsabiqəsini 5 kateqoriya üzrə elan edib və 129 layihəyə maliyyə dəstəyi göstərib. Müsabiqə zamanı Fondun saytında qeydiyyatdan keçən 172 təşkilat və 83 fərdi şəxsdən gələn layihə təkliflərindən Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə isə 9 layihə seçilib. Digər D və E kateqoriyaları üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunub. Bu bir ildə yüzlərlə gənc və gənclər təşkilatları müxtəlif ideyalarla, təkliflərlə Fonda müraciət edib və Fonddan maliyyə dəstəyi alıb.
Hal-hazırda Fonddan maliyyə dəstəyi alan layihələrin bir qismi başa çatıb, digər bir hissəsi isə davam etməkdədir. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, Fond tərəfindən də bir sıra tədbirlər həyata keçirilib. Fondun Bakı ilə yanaşı, iri şəhərlərdə də regional təqdimatları keçirilib, region gənclərinə Fondun fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib. Ötən bir il ərzində Gənclər Fondu yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirib, beynəlxalq layihələrdə iştirak edib. Fond Azərbaycanda ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib. Layihələri maliyyələşdirməklə yanaşı, azərbaycanlı gənclərin müxtəlif beynəlxalq tədbirlərdə iştirakını təmin etmək üçün onlarla gəncə maliyyə dəstəyi göstərib.
– Gənclər Fonduna təqdim olunan layihələr çərçivəsində görülən işlər bütün respublika ərazisini əhatə edə bilibmi?
-Ümumilikdə deyə bilərəm ki, Fondun fəaliyyəti bütün respublikanı əhatə edə bilib. Azərbaycanın 46 bölgəsində həyata keçirilən layihələrin demək olar ki, 70 faizi regionlarda baş tutub. Çalışırıq ki, bütün Azərbaycan gəncləri yeni təşəbbüs və ideyalarla çıxış etsin və onlara dəstək olacaq Gənclər Fondunun fəaliyyətindən xəbərdar olsunlar. Bizim istəyimiz ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu icrasını təmin etmək məqsədilə məhz gənclərin fəallığını artırmaq, onları ictimai-siyasi həyata cəlb etməkdir.
-Regionlarda yaşayan gənclərin aktivliyi nə dərəcədədir və Gənclər Fonduna region təşkilatlarından layihələr daxil olurmu?
-Biz ilk qrant müsabiqəsini elan edərkən, regionlardan olan gənclərin fəal olmasına, onların yeni ideyalarla çıxış etməsinə çalışdıq. Region gənclərinə xüsusi diqqət ayrıldı. Məhz region gəncləri üçün ayrıca təqdimatlar və info-seminarlar keçirildi. Onların qrant müsabiqəsində iştirakını təmin etmək məqsədi ilə zonal mərkəzlər olaraq seçilən bölgələrdə Fondun əməkdaşları tərəfindən Gənclər Fonduna müraciət forması, layihə təqdimetmə qaydaları barədə ətraflı informasiya verildi. İlk qrant müsabiqəsində maliyyələşdirilən layihələrin böyük bir qismi regionlardan olan təşkilatlar və gənclər tərəfindən irəli sürüldü. Müsabiqədə regionlardan olan gənclər aktiv şəkildə təşəbbüslərlə çıxış etdilər.
Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına əsasən regionlarda gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, region gəncləri üçün intellektual klubların təsis olunması, region gənclərinin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi bir daha dövlətimizin gənclərə olan diqqəti və qayğısının nümunəsidir.
Buna görə də biz də öz növbəmizdə region gənclərinə xüsusi diqqətlə yanaşır, onların təşəbbüslərini və ideyalarını dəstəkləyirik.
-Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi və ermənilərin xalqımıza qarşı törətdiyi faciələrlə bağlı ölkəmizin haqq səsinin dünya ictimaiyyətində çatdırılması üçün Fond hansı işləri görüb?
-Dağlıq-Qarabağ münaqişəsi hər birimizin problemidir və istər Azərbaycanda, istərsə də Vətəndən uzaqda yaşayan hər bir azərbaycanlı gənc üçün bu məsələnin həlli çox vacibdir. Mən əminəm ki, hər bir azərbaycanlının bu problemin həllində daha yaxından iştirak etmək istəyir və Cənab Prezident İlham Əliyevin uğurlu siyasi kursunun məntiqi nəticəsi olaraq Dağlıq Qarabağ problemi çox yaxın bir zamanda öz həllini tapacaq. Azərbaycan gəncləri olaraq biz də öz növbəmizdə Dağlıq Qarabağ münaqişəsi barədə gerçəkləri dünya ictimaiyyətinə çatdırmaq üçün bir sıra tədbirlər həyata keçiririk. Ötən il Vyanada keçirilən “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forum müxtəlif Avropa ölkələrində təhsil alan azərbaycanlı gəncləri bir araya topladı. Forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr apardılar. Bundan əlavə, Gənclər Fondu ilk qrant müsabiqəsi zamanı müxtəlif kateqoriyalar üzrə məhz Dağlıq Qarabağ münaqişəsinə həsr olunan layihələrə maliyyə dəstəyi göstərdi. Nəzərinizə çatdırım ki, Fondun ikinci qrant müsabiqəsi çərçivəsində E Kateqoriyası üçün təklif olunan yeni istiqamətlərin məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq tədqiqatçıların araşdırmaları layihələri, Xarici vətəndaşların Azərbaycan ilə bağlı tədqiqat layihələri və yalnız xarici ölkələrin gəncləri və gənclər təşkilatlarının Azərbaycan tarixinə və mədəniyyətinə dair tədqiqat işlərinin maliyyələşdirilməsi olması təsadüfi deyildir. Həmçinin, Fonddan qrant alan layihələrin arasında məhz vətənpərvərliklə, Dağlıq-Qarabağ problemi ilə bağlı gənclər arasında maarifləndirmənin gücləndirilməsi ilə bağlı layihələr çox olub.
-Gənclər Fondu ötən müddətdəki fəaliyyətində gənclərin gözləntilərini doğrulda bilibmi?
-Bir ildir fəaliyyət göstərməsinə baxmayaraq Gənclər Fondu gənclər arasında qısa müddətdə tanınıb, onların etimadını qazanıb. Yüzlərlə gəncin, gənclər təşkilatının müxtəlif ideyalarla, təşəbbüslərlə bizə müraciət etməsi olduqca sevindirici haldır. Onlar artıq bilirlər ki, dövlətimiz bu imkanları məhz onlar üçün yaradıb.