[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/01/1030241.jpg” ]
Fərhad Hacıyev: “Ötən bir ilə qürurla baxış”
www.qhtxeber.az
Qısa müddətdir fəaliyyətə başlamasına baxmayaraq Gənclər Fondu gənclər arasında kifayət qədər tanındı. Yüzlərlə gənc, gənclər təşkilatları müxtəlif ideyalarla, təkliflərlə Fonda müraciət etdi. Hal-hazırda Fonddan maliyyə dəstəyi almış layihələrin bir qismi başa çatmış, digər bir hissəsi isə önümüzdəki il davam edəcək. Maliyyə dəstəyi göstərilən layihələrlə yanaşı, Fond tərəfindən də bir sıra tədbirlər reallaşdırılmışdır. Bildiyiniz kimi, Azərbaycan Gənclər Fondu cənab Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə yaradılmışdır. Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclər üçün artıq bir sıra işlər görülmüşdür və görülməkdədir. Məhz “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının tərkib hissəsinə aid olan məsələlərdən biri də Azərbaycan Gənclər Fondunun yaradılması idi. Gənclər Fondu qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll etmiş, 8 iyun 2012-ci il tarixindən etibarən rəsmən fəaliyyətə başlamışdır. Elə həmin tarixdə Fond ilk qrant müsabiqəsini elan etmişdir. Müsabiqədə iştirak etmək üçün gənclər təşkilatları və fərdi gənclər Fondun saytında (www.youthfoundation.az) qeydiyyatdan keçməli və onlayn formada layihə təklifi ilə müraciət etməli idilər. Müsabiqə zamanı Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən gələn layihə təkliflərindən Müşahidə Şurasının qərarına əsasən A kateqoriyası üzrə 104, B kateqoriyası üzrə 16, C kateqoriyası üzrə isə 9 layihə seçilmişdir. Digər D və E kateqoriyaları üzrə isə mütəmadi olaraq müraciətlər qəbul olunmuşdur. D kateqoriyası üzrə 17 nəfər gənc beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etmişdir. E kateqoriyasına rəsmi olaraq 4 müraciət gəlmişdir. Ümumilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər və QHT-lər tərəfindən təqdim olunan layihələrə 4 580 798, 932 istənilmiş, yekunda Müşahidə Şurasının qərarına əsasən bu məbləğ 1 920 820 olmuşdur.Fondun nəinki Bakıda, zonal mərkəzlər olaraq seçilmiş iri şəhərlərdə də regional təqdimatları keçirilmiş, region gəncləri Fondun fəaliyyəti və müraciət qaydaları barədə məlumatlandırılmışlar. Regional təqdimatlarda işğal altındakı ərazilərdən olan gənclər də iştirak etmişlər. Həmçinin, gənclər təşkilatları və gənclər üçün info seminarlar da keçirilmişdir. Bundan əlavə, fəaliyyətə başlandığı gündən Fondun loqosu gənclər arasında müsabiqə nəticəsində seçilmişdir. Bu müddət ərzində Gənclər Fondunun saytı azərbaycan və ingilis dillərində hazırlanmışdır. Layihə təklifləri arasında daha çox yerli layihələrə maraq göstərilmişdir. Ümumilikdə gəncləri daha çox Fondun ümumi fəaliyyəti, layihələrin istiqamətləri və maliyyəşdirilməsi maraqlandırmışdır. Eyni zamanda, Fonda və Fondun əməkdaşlarına saytımız və e-mail vasitəsilə müxtəlif suallar verilmişdir. Əsas suallar isə elektron ərizə formalarının doldurulması qaydaları və layihə istiqamətləri barədə olmuşdur.Ötən il ərzində Gənclər Fondu yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirmiş, beynəlxalq layihələrdə partnyor qismində çıxış etmişdir. İstanbulda keçirilmiş “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda forum, Vyanada keçirilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forum, Bakıda keçirilmiş “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forum və bu kimi digər böyük miqyaslı beynəlxalq tədbirlərə Gənclər Fondu dəstək göstərmişdir.
Düşünürəm ki, Gənclər Fondu bu müddət ərzində gənclərin ideyalarını, təkliflərini gerçəkləşdirə bilməsi üçün şərait yaratmışdır. Gənclər Fondu ölkəmizdə ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul etmişdir. Layihələri maliyyələşdirməklə yanaşı, Gənclər Fondu azərbaycanlı gənclərin müxtəlif beynəlxalq tədbirlərdə iştirakını təmin etmək üçün D kateqoriyası üzrə onlarla gəncə maliyyə dəstəyi göstərmişdir. Gənclər Fondunun fəaliyyəti Azərbaycanda vətənpərvər, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi məqsədi ilə gənclərin azərbaycançılıq ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də onların ölkəmizin təbliğinə yönəldilmiş layihələrdə daha da geniş iştirakının təmin olunmasına yönəldilmişdir. Biz ilk qrant müsabiqəsini elan edərkən, regionlardan olan gənclərin fəal olmasını, onların yeni ideyalarını bizimlə bölüşməsi üçün şərait yaradılmasını əsas istiqamətlərdən biri kimi götürdük. Region gənclərinə xüsusi diqqət ayrılmışdır. Regionlardakı gənclərin layihələrə cəlb olunması ilə yanaşı, onların layihə təklifləri də qiymətləndirilmiş, dəstək göstərilmişdir. İlk qrant müsabiqəsində maliyyələşdirilmiş layihələrin 70 faizi regionlardan olan təşkilatlar və gənclər tərəfindən irəli sürülmüşdür. Müsabiqə zamanı regionlardan olan gənclərin aktivliyi və təşəbbüslərlə çıxış etməyi həqiqətən də, sevindirici haldır. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına əsasən regionlarda gənclər evlərinin, gənclər mərkəzlərinin yaradılması, region gəncləri üçün intellektual klubların təsis olunması, region gənclərinin inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsi bir daha dövlətimizin gənclərə olan diqqəti və qayğısının nümunəsidir. Gənclər Fondu önümüzdəki ildə fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Fond müxtəlif telekanallarda intellektual Televiziya layihələri, daha geniş miqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarxlar müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələr həyata keçirəcək. Bundan başqa, Fond bölgələrdə fəaliyyətlərin aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək. Həmçinin, Fond fəaliyyətini internetdə genişləndirməyi planlaşdırır. Hal-hazırda Fondun saytında 254 gənclər təşkilati və 191 fərdi gənc qeydiyyatdan keçmişdir. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri minlərlə gənc tərəfindən izlənir. Önümüzdəki günlərdə Fond ikinci qrant müsabiqəsini elan edəcəkdir. Müsabiqənin elanı zamanı prioritet sahələr və istiqamətlər qeyd olunacaq. Gəncləri və gənclər təşkilatlarını növbəti müsabiqədə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Gənclərin ideyalarının, təşəbbüslərinin dəstəklənməsi bizim üçün çox vacibdir. Buna görə də, gənclərimizi fəal olmağa çağırırıq.