[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/01/103024.jpg” ]
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin Gün.Az-a müsahibəsi:
– Fərhad bəy, Gənclər Fondu bu il 1 yaşını qeyd edir.
İlk öncə Gün.Az kollektivi adından sizi və fondunuzun bütün əməkdaşlarını təbrik edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bu 1 il ərzində fondun fəaliyyətini necə dəyərləndirərdiniz?
– Təbrikinizə görə çox sağ olun. İlk öncə qeyd edim ki, 1 il ərzində Gənclər Fondu qarşıya qoyulmuş bir sıra məqsədlərin öhdəsindən gəlməyə çalışdı. İlk olaraq, günümüzün tələblərinə uyğun, müasir texnologiyalardan istifadə olunmasının vacibliyi önə çəkilərək gənclərin fonda müraciəti sadə bir qaydada, elektron formada internet vasitəsilə təşkil edildi.
Həqiqətən də bizim üçün sevindirici bir haldır ki, ilk dəfə olaraq, məhz Azərbaycan Gənclər Fondu öz işini sayt üzərindən həyata keçirməyə nail oldu. Bu gün gənclər bizimlə əlaqə qurmaq üçün internet vasitəsilə bizə müraciət edə bilirlər. Bu da gənclər üçün, onların ideyalarını, təkliflərini reallaşdırmaq üçün daha asan və sadə üsuldur.
Nəzərinizə çatdırım ki, Gənclər Fondu tərəfindən bu il 8 iyun tarixində ilk qrant müsabiqəsi elan olunub. Hazırda isə həmin müsabiqənin qalibi olmuş layihələrin bir qismi başa çatıb, digər hissəsi isə davam etməkdədir.
Ümumilikdə, layihə müraciətlərinə əsasən fərdi gənclər və QHT-lər tərəfindən təqdim olunan layihələrə 4 580 798, 932 manat istənilib, yekunda Müşahidə Şurasının qərarına əsasən bu məbləğ 1 920 820 manat olub.
Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı Fərmanı ilə yaradılmış Gənclər Fondu qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll edib. Fond həmçinin regional fəaliyyətə də xüsusi diqqət yetirərək, ilk öncə region gənclərini fonda müraciət və layihə təqdim etmə qaydaları ilə bağlı məlumatlandırıb.
Region gəncləri üçün fondun əməkdaşları tərəfindən təqdimatlar keçirilib. Bu təqdimatlarda işğal altında olan bölgələrdən də gənclər iştirak ediblər. Məhz bu səbəbdən fonddan maliyyə dəstəyi almış layihələrin içində qaçqın və məcburi köçkün gənclərə həsr olunmuş bir sıra tədbirlər keçirilib və keçirilməkdədir.
Bundan başqa ötən 1 il ərzində Gənclər Fondu yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirərək beynəlxalq layihələrdə tərəfdaş qismində çıxış edib.
Belə ki, İstanbulda keçirilmiş “Dövlətlərarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” mövzusunda forum, Vyanada keçirilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forum, Bakıda keçirilmiş “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forum və bu kimi digər genişmiqyaslı beynəlxalq tədbirlərə Gənclər Fondu dəstək göstərib.
– 1 il kimi qısa bir vaxt ərzində Gənclər Fondu gənclər üçün nə dərəcədə faydalı oldu?
– İlk qrant müsabiqəsində qalib gəlmiş və fonddan maliyyə vəsaiti əldə etmiş, öz ideyasını reallaşdırmaq üçün dəstək görən gənclərin daha da həvəslə və əzmlə çalışdığını görmək çox sevindirici haldır.
Bilirsiniz, bu gün dövlətimiz tərəfindən yaradılmış bu imkanlardan istifadə etmək hər bir gənc üçün önəmli olmalıdır. Təbiidir ki, bizə müraciət edən bəzi gənclərin layihələri müsabiqədən müəyyən səbəblərdən keçməyib.
Bu səbəblər əsasən prosedur qaydalara cavab verməyən müraciətlər, aktual olmayan mövzular və s. olub. Lakin, biz düşünürük ki, bu bizim ilk qrant müsabiqəmiz idi və bu raundda qalib olmayanlar növbəti dəfə uğur qazanacaqlar.
Çünki biz müsabiqədə qalib ola bilməyən gənclərə bunun səbəblərini ətraflı şəkildə izah edərək növbəti dəfə müraciət etmələrinə şərait yaratmışıq.
Düşünürük ki, ümumilikdə, ötən il üçün qarşıya qoyulmuş vacib mövzuları əhatə edə bilmişik. Yüzlərlə, minlərlə gənci dəstək göstərdiyimiz layihələrə cəlb edə bilmişik. İstər elm-təhsil, istər ekologiya, istərsə də sağlam həyat tərzinin təbliği ilə bağlı çox müxtəlif layihələr həyata keçirilib.
– Gənclər Fondunun gələcək planları barədə nə deyə bilərsiniz?
– Qeyd etmək istəyirəm ki, əksər ölkələrdə gənclərin ideyalarını dəstəkləyən belə bir qurum ümumiyyətlə, mövcud deyil. Ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən və öz nəticələri ilə göz önündə olan dövlət gənclər siyasətinin tərkib hissəsi olaraq Gənclər Fondu gənclərimizə stimul verərək yeni ideyaların, yeni təkliflərin, yeniliklərin dəstəklənməsinə xidmət etmək üçün yaradılıb.
Gələcək planlarımız çoxdur. Önümüzdəki ildə fond fəaliyyətini daha da genişləndirməyi planlaşdırır. Belə ki, fond müxtəlif telekanallarda intellektual televiziya layihələri, daha genişmiqyaslı və əhatəli gənclik və idman layihələri, sosial çarx müsabiqələri, gənclər arasında ixtiraçılığın inkişafına dəstək verən layihələrlə çıxış edəcək.
Bundan başqa, fond bölgələrdə də fəaliyyətlərin daha da aktivləşdirilməsinə xüsusi diqqət göstərəcək. Həmçinin, öz fəaliyyətini internetdə və sosial şəbəkələrdə də genişləndirəcək.
Hazırda fondun saytında 254 gənclər təşkilatı və 191 nəfər fərdi gənc qeydiyyatdan keçib. Müxtəlif sosial şəbəkələrdə fondun səhifələri minlərlə gənc tərəfindən izlənir.
Yaxın günlərdə fond ikinci qrant müsabiqəsini elan edəcək və müsabiqənin yeni prioritet sahələri və istiqamətləri gənclərin diqqətinə çatdırılacaq.
Gəncləri və gənclər təşkilatlarını növbəti müsabiqədə aktiv iştirak etməyə, gəncləri əhatə edəcək layihə təklifləri irəli sürməyə dəvət edirik. Bizdən Azərbaycan gəncləri yeni imkanlar gözlədiyi kimi, biz də gənclərdən yeni, daha maraqlı, kreativ, gəncliyimizə və cəmiyyətimizə xidmət edəcək təkliflər gözləyirik.
Gənclər Fondu yarandığı gündən yeniliklər gətirməyə çalışır. Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu və daim yeniliklərə can atdığını nəzərə alaraq, biz də öz növbəmizdə onlara bunun üçün imkanlar yaradırıq.
Fidan Əliyeva
Gün.Az